Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması istənilib.
 
Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları məhkəməyə daxil olub.
 
Təqdimatlara Binəqədi rayon Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, məhkəmə qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat məhkəmə tərəfindən təmin olunub. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, A.Qukasyan barədində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
 
Xatırladaq ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
 
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Baxış sayı: 3219 | Tarix: 14.05.2024
Bizi Telegramda izləyin: @repostaz