Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü baş tutub.
 
Xarici İşlər Nazirliyindən (XİN) RePost.Az-a verilən məlumata görə, bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə etdilər.
 
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı.
 
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd etdilər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğuladı.
 
Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşdılar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd etdilər.

Baxış sayı: 511