Avqustun 18-də Prezident Admnistrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev karantin qaydalarını pozaraq bağ evində nəvəsinə toy edib. 
 
RePost.Az xəbər verir ki, toyda “boz kardinal”ın komandasına daxil olan bir çox rəsmi şəxslər, deputatlar, ziyalılar və başqa şəxslər iştirak ediblər. 
 
Koronavirusla əlaqədar olaraq Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda toy və yas mərasimləri də daxil olmaqla 10 nəfərdən artıq şəxsin toplaşdığı hər növ toplantının keçirilməsi qadağan olunsa da, hüquq-mühafizə orqanları Mehdiyevin hasarının həndəvərinə də yaxınlaşmayıblar.
 
Yaxınlaşmaq bir kənara, Daxili İşlər Nazirliyi məlumatı təkzib edib. Qurumun sözçüsü Ehsan Zahidov Mehdiyevin bağında keçirilən məclisi toy yox, toplandı adlandırıb.
 
“Toplantı” sahibi isə tam əksini deyib.
 
Mehdiyevin kürəkəni, qız atası kefinin yaxşı olduğunu deyərək jurnalistlərdən də toy məsələsinə toxunmamağı tövsiyə edib:
 
“Kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heç nə danışmayaq, başını buraxın getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!”
 
Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərəmovun xüsusi sağlıqları ilə yadda qalan toyda deputat Siyavuş Novruzov da ailəlikcə iştirak edib.
 
Karantin qaydalarını pozanların ən sərt  şəkildə cəzalandırılmasını təklif edən, hətta parlamentdə cərimələrin bir neçə dəfə qaldırılmasını dəfələrlə  israr edən Novruzov məclisdə iştirakına haqq da qazandırıb:
 
- Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə tuş gəlmisiniz...
 
- O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub.
 
- Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib.
 
- Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.
 
- Videoda belə görünmür axı...
 
-Ola bilər sizin videoda belə veriblər.
 
- Bizim video deyil, toydan çəkilmiş videodur...
 
- Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.
 
- Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.
 
- Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən boyda kişinin sözünü qoymusan, videoya inanırsan.
 
- Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?
 
- Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda "naçalnik razvetka”nın sədri işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.
 
- Toy neçə saat çəkib?
 
- Mən onu deyə bilmərəm.
 
- Yaxşı, siz neçə saat iştirak eləmisiniz?
 
- Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir.
 
Əsgərlik dönəmində  Əfqanıstanda "naçalnik razvetka”nın sədri işləmişəm deputat öz qayda pozuntusuna haqq qazandırmaq üçün Operativ Qərargahın açıq havada məclislərin keçirilməsinə icazə verməsi haqqında qərarının olduğunu iddia etsə də, qurum rəsmisi bunu qətiyyətlə rədd edib.
 
"Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir və bu qərar dövlət, baş nazir tərəfindən verilir. Hər bir şəxsin istər həkim, istərsə də adi vətəndaşların karantin qaydalarına riayət etməsi lazımdır", - deyə Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib.
 
Lazımdır... Amma təssüflər olsun ki, bu lazım ancaq zəiflər üçün tətbiq olunur. Güclülərin isə nə lazıma ehtiyacı var, nə qaydalara.
 
Ramiz Mehdiyev kimi bir şəxsin, təhlükəsizlik qaydalarının ən yüksək səviyyədə qorunduğu bağında baş tutan toyun görüntülərinin yayılması isə böyük bir sual işarəsidir.
 


Baxış sayı: 2250 | Tarix: 21.08.2020
Bizi Telegramda izləyin: @repostaz