Xətlər çəkilib, sayğaclar quraşdırılıb, hətta 20 günə yaxın qaz da verilib, lakin bir müddət əvvəl sənədlərin qaydasında olmadığı əsas gətirilərək təbii qazın verilişi dayandırılıb. 
 
RePost.Az xezerxeber-ə istinadən xəbər verir ki, söhbət Abşeron rayonu Qobu qəsəbəsi “yeni məhəllə” adlanan ərazidən gedir. Sakinlərin sözlərinə görə, ötən ilin iyun ayında 14 ailə podratçı şirkətlərdən biri ilə müqavilə bağlayıb və öz hesablarına qaz xətti çəkilib. Hətta həmin əraziyə bir müddət təbii qaz da verilib. 
 
Lakin sonradan mavi yanacağın verilişi dayandırılıb. Hətta küçəyə gedən boru xətti kəsilib. 
 
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qaz xəttini çəkən podratçı şirkət həmin xətlərin istismara yararlılığını digər qurumlarla da razılaşdırmalı və sənədləri Birliyə təqdim etməlidir. Bundan sonra "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin abonentlərə təbii qaz verilə bilər. Lakin podratçı şirkət heç bir qurumla razılaşdırılmadan qanunsuz şəkildə həmin əraziyə təbii qaz verib. Üstəlik də, orada yaşayan bəzi sakinlərin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandığından mavi yanacağın verilişi dayandırılıb. Hazırda araşdırmalar davam etdirilir və podratçı şirkət sənədləri tam qaydasında təqdim etdikdən sonra qazın verilişi bərpa olunacaq. Podratçı şirkətin nümayəndəsi ilə də əlaqə saxlamağa çalışdıq, lakin heç bir nömrəsinə zəng çatmadı.
 
RePost.Az
 


Baxış sayı: 2174 | Tarix: 08.02.2017
Bizi Telegramda izləyin: @repostaz