Azərbaycanda yanacağın bahalaşması istər-istəməz istehlak bazarına təsir edib. Az da olsa müəyyən məhsullarda bahalaşma hiss edilir.
 
Mütəxəssislər də hesab edirlər ki, bu proses iqtisadi əsaslarla davam edən normal haldır və ölkədə kəskin qiymət artımının baş verməməsi üçün dövlət tərəfindən müəyyən addımlar atılır.
 
RePost.Az xəbər verir ki, Millət vəkili Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, yanacağın qiyməti artırsa, istənilən halda bazarda bahalaşma hiss edilir. Onun sözlərinə görə, bu, həmişə bazara pis təsir edən məqamlardan biridir:
 
“Müşahidə etdikdə görürük ki, bəzi hallarda qiymətləri obyektiv səbəblərdən qaldırıblar. Bəzən isə subyektiv səbəblərdən bahalaşma baş verir.
 
Yəni xaricdən mal gətirirlər və bazara çıxaranda heç bir yanacaqdan istifadə etmirlər. Lakin mali vəziyyətdən sui-istifadə edərək məhsulun qiymətini qaldırırlar.
 
Düzdür, hazırda daşınmalar dizel yanacağı ilə həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı da bir çox hallarda dizel yanacağı amili ilə bağlıdır. Dövlət də bu baxımdan müəyyən tədbirlər görür. Sahibkarlara və fermerlərə subsidiyaların verilməsi təmin olunacaq”, - deyə deputat vurğulayıb.
 
Vahid Əhmədov bildirib ki, ölkədə süni qiymət artımının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür:
 
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən monitorinqlər aparılır. Süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görürlər. İndi də nəzarət daha da gücləndirilməlidir. Cəza tədbirləri artırılmalıdır ki, süni qiymət artımı baş verməsin”.
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə BAKU.WS-ə bildirilib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, bütün malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır.
 
Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi bəzi məqamların, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər.
 
Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsinə təsir göstərmək məqsədilə dövlət tərəfindən müvafiq iqtisadi vasitələrdən - bazarda sağlam rəqabət mühitinin yaradılması, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. bu kimi tədbirlərdən istifadə edilir.
 
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qıtlıq yaratmaq və yaxud qiymətləri artırmaq məqsədi ilə istehsalın həcmini dəyişdirməsi və yaxud əmtəələri dövriyyədən çıxarması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaratması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etməsi (qiymətlərin artırılması, azaldılması və ya bir səviyyədə saxlanılması) qadağan olunmuş fəaliyyətlərdir.
 
Hökmran mövqeyə malik təsərrüfat subyektinin süni qıtlıq yaratmaq və yaxud qiymətləri artırmaq məqsədi ilə istehsalın həcmini dəyişdirməsi və yaxud əmtəələri dövriyyədən çıxarması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaratması, habelə qiymətlərlə manipulyasiya etməsi halları özünü ilk növbədə istehlak bazarında qiymətlərin səviyyəsində göstərir.
 
Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Həmin monitorinqlərin nəticələri təhlil olunaraq rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməmişdir.
 
Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirlə bundan sonra da davam etdiriləcək.
 
RePost.Az

Baxış sayı: 2003 | Tarix: 15.01.2021
Bizi Telegramda izləyin: @repostaz