Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.
 
APA-nın Rusiya bürosunun xəbərinə görə, Soçidə şəhərindəki “Boçarev Ruçey” iqamətgahında keçirilən görüş təxminən 3 saat davam edib.
 
V. Putin Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən danışıb.
 
O bildirib ki, ətrafındakı insanlar təkrar vaksinasiya olmadıqları üçün yoluxublar. Ərdoğan Putindən vaksin olunandan sonra antitel göstəricilərinin sayını soruşub. Putin dəqiq xatırlamasa da, antitel göstəricisini 16 olduğunu söyləyib. Ərdoğan isə bu göstəricinin çox aşağı olduğunu söylədikdə isə Putin antitel göstəricisinin Rusiyada fərqli hesablandığını bildirib.
 
***
 
“Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyətini davam etdirir”.
 
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündə bildirib.
 
Rusiya lideri bildirib ki, bu əməkdaşlıq sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatıdır.
 
***
 
“Təəssüf ki, pandemiya səbəbindən il yarımdan çoxdur üz-üzə görüşə bilmirik. Lakin buna baxmayaraq, daim təmasdayıq”.
 
APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
 
“Münasibətlərimiz müsbət məcrada inkişaf edir. Profil qurumlarımız daim bir-biri ilə bütün istiqamətlərdə işləyirlər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20 faiz azalıb. Bu ilin ilk doqquz ayında ticarət dövriyyəsinin həcmində 55 faiz artım qeydə alınıb. Biz nəinki pandemiya dövründə itirdiyimizi geri qazanmışıq, hətta önəmli bir artım əldə etmişik. Bizim danışıqlarımız heç də asan keçmir, lakin yekunda müsbət nəticə əldə olunur. Qurumlarımız hər iki tərəf üçün sərfəli güzəştləri axtarıb tapmağı öyrənib. Ölkələrimizin qarşılıqlı investisiyaları artmağa davam edir. Türkiyənin Rusiya iqtisadiyyatına investisiyasının həcmi 1,5 mlrd. dollara yaxındır. Rusiyanın Türkiyə iqtisadiyyatına yatırdığı sərmayənin həcmi isə 6,5 mlrd. dollardır. Nəhəng layihələrimiz həyata keçirilir və onların həyata keçirilməsi plan üzrə gedir. “Türk axını” kəməri tam həcmdə işini davam etdirir. Fürsətdən istifadə edib, “Türk axını” qaz kəmərinin inşa olunmasında tutduğunun dəyişməz və ardıcıl mövqeyə görə sizə bir daha təşəkkürümü bildirirəm. “Türk axını” qaz kəməri layihəsi Rusiya və Türkiyə xalqlarının maraqlarına cavab verir. İndi biz Avropanın qaz bazarında baş verən mürəkkəb vəziyyəti, dalğalanmanı müşahidə edərkən, Türkiyə özünü tamamilə etibarlı və stabil hiss edir. “Akkuyu” AES-in inşası proqrama uyğun olaraq davam etdirilir” - Rusiya Prezidenti qeyd edib.
 
V. Putin ölkəsinin beynəlxalq arenada da Türkiyə ilə uğurlu əməkdaşlıq etdiyini xüsusi vurğulayıb: “Suriya və Liviya ilə bağlı əməkdaşlığımızı nəzərdə tuturam. Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyət göstərir. Bu, sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatıdır. Müzakirə olunacaq məsələlər çoxdur. Sizi Rusiyada görməkdən çox şadam. Telefonla hər şeyi müzakirə edə bilmirik. Bir daha xoş gəlmisiniz!”
 
***
 
“Suriya ilə bağlı birgə atdığımız addımların böyük əhəmiyyəti var”.
 
APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
 
“Suriyada sülh Rusiya-Türkiyə əməkdaşlığına bağlıdır”, - deyə Ərdoğan qeyd edib.
 
***
 
“Dəyərli dostum Vladimir Putinlə yenidən üz-üzə görüşməkdən çox məmnunam. Həqiqətən də COVID-19 pandemiyası bir çox dostu bir-birindən ayırdı”.
 
APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
 
Ərdoğan Türkiyədə meşə yanğınlarının söndürülməsində verdiyi dəstəyə görə V. Putinə özünün və Türkiyə xalqının adından təşəkkür edib.
 
“Həqiqətən də dostlar çətin günlərdə tanınır. Hər şeydən öncə siyasi, hərbi, iqtisadi sahələrdə Türkiyə-Rusiya əlaqələri həqiqətən də fərqli şəkildə özünü göstərir. İki ölkə arasında ticarət dövriyyəsində az şəkildə azalma və artımlar olsa da, hazırkı vəziyyət olduqca yaxşıdır. Mən bu vəziyyətin daha yaxşı olacağına inanıram. Xüsusi ilə də turizm sahəsində dəstəyə görə çox təşəkkür edirəm. Bizim hərbi sənaye sahəsində birgə atdığımız addımlar müzakirə edəcəyimiz məsələlərdəndir. Bu mövzunu ayrıca müzakirə etməyimizdə fayda var. BMT Baş Assambleyasında bizdən bəzi mövzuları xüsusi ilə soruşdular. Biz onlara lazımı cavabı verdik. Çünki atdığımız addımlardan geri dönməyimiz mümkün deyil. Mən xüsusilə buna inanıram ki, Türkiyə-Rusiya münasibətlərinin hər keçən gün daha da inkişaf edib güclənməsində çox böyük fayda var. Suriya ilə bağlı atdığımız birgə addımlar böyük əhəmiyyət daşıyır. Suriyada sülh Türkiyə-Rusiya münasibətlərindən asılıdır”, - Türkiyə dövlət başçısı vurğulayıb.
 
Ərdoğan qeyd edib ki, “Akkuyu” AES-də inşaat işləri plana uyğun olaraq davam edir: “Məndə olan məlumata görə, əvvəlcədən planlaşdırılan vaxtda “Akkuyu”nun inşası bitəcək. Fikrimcə, gələn il birinci blokun açılışını edə biləcəyik. Çox intensiv iş gedir. Hazırda AES-in tikintisində 13 min insan çalışır. Onların 10 mini türk, 3 mini isə rusiyalıdır. Demək olar ki, AES-də çalışanların əksəriyyəti Rusiyada təhsil alıb. Bu da bizim münasibətlərin möhkəmlənməsinə səbəb olub”.
 

Baxış sayı: 3542 | Tarix: 29.09.2021
Bizi Telegramda izləyin: @repostaz