Xocalı soyqırımının öldönümü ərəfəsində bu qətliama görə yenə də o vaxtkı hakimiyyəti, AXC-ni və digərlərini günahlandıranlar var. O cümlədən ermənilər hər il olduğu kimi bu il də Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibovun qətliama görə guya Xalq Cəbhəsini ittiham etməsinə istinad edərək bu dəhşətli qətliama görə yaxalarını kənara çəkməyə cəhdlər edirlər.
 
RePost.Az-ın məlumatına görə, bununla bağlı Ayaz Mütəllibov "Turan” agentliyi vasitəsilə bəyanat yayıb. Bəyanatda deyilir:
 
İyirmi ildən çoxdur ki, Xocalı faciəsinin hər ildönümü ərəfəsində erməni tərəfi bu qanlı hadisələrə görə özlərinə haqq qazandırmağa, günahı Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır. Və ermənilər buna "sübut” kimi mənim adımdan istifadə etməyə cəhd göstərirlər.
 
Belə ki, erməni tərəfi həmişə mənim jurnalistlərlə müsahibələrimə, söhbətlərimə, əsasən də çexiyalı jurnalist Dana Mazalova ilə söhbətimə istinad edir. Guya mən demişəm ki, Xocalı sakinlərini Xalq Cəbhəsinin tərəfdarları qəsdən öldürüblər ki, ölkədə daxili siyasi böhran yaransın və bundan məni devirməkdə istifadə olunsun.
 
Aydın və birmənalı şəkildə bildirmək istəyirəm ki, bu, yalandır. Mən demişəm ki, Xalq Cəbhəsi Xocalı faciəsindən məni devirmək üçün istifadə etdi. Ancaq mən deməmişəm ki, xocalıları cəbhəçilər öldürüblər.Bu cür saxta fikirlər məsuliyyətdən qaçmaq və öz günahını başqasının boynuna qoymaq cəhdidir.
 
Xocalıların kütləvi öldürülməsi haqda mənə məlumat veriləndə mən xüsusi rabitə xəttilə Qarabağın milis rəisi Armen İsaqulova telefon edərək dedim ki, bu cür vəhşilikləri heç fasiştlər də törətməyiblər. Separatçıların o zamankı lideri Artur Mkrtçyana da eyni şeyləri dedim. Bu, əslində belə olub.
 
Xalq Cəbhəsinin roluna gəlincə, həmişə  hesab etmişəm  və indi də hesab edirəm ki, əgər həmin dövrdə Azərbaycanda daxili siyasi mübarizə bu qədər kəskin olmasaydı, əgər müxalifət daha da ölçülüb biçilmiş, praqmatik mövqe tutsaydı, ermənilər özlərini bu qədər vəhşi kimi apara bilməzdilər,  Azərbaycana xarici dəstək daha vacib ola bilərdi və Qarabağdakı itkilərimiz bu qədər ağır olmazdı.
 
Ancaq istənilən halda bu dəhşətli cinayətə görə məsuliyyət tamamilə və bütünlüklə erməni hərbçilərin və siyasi liderlərin, bu aksiyanı hazırlayanların və həyata keçirənlərin  üzərinə düşür. Əminəm ki, gün gələcək bu faciədə günahkar olanlar məhkəmə qarşısında dayanacaqlar.
 
RePost.Az

Baxış sayı: 160 | Tarix: 24.02.2017
Bizi Telegramda izləyin: @repostaz