Bəzi Dövlət Yol Polisi əməkdaşları sürcüləri cərimələmək üçün yeni üsula əl atıblar. Müəyyən yol ayrıclarında durma və dayanmanın qadağan olunduğu yerlərdə xüsusi avtomobillər saxlamaqla digər avtomobilləri hərəkət trayektoriyasını dəyişməyə məcbur edir və cərimə yazırlar. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, belə bir hadisə bu gün axşam saat 17:05 radələrində jurnalist Zülfüqar Xeyirxəbərin də başına gəlib. O, idarə etdiyi 90 UX 283 dövlət nömrə nişanlı "Mercedes 240" markalı avtomobillə Bakıxanov küçəsindən Tbilisi prospekti istiqamətində hərəkət edərkən 10 YP 521 dövlət nömrə nişanlı DYP-yə məxsus avtomobil tərəfindən saxlanılıb. Əməkdaşımıza yol polisi Cəfərov Fariz Rafiq oğlu tərəfindən manevr etmə qaydalarını pozduğuna görə 60 AZN cərimə yazılıb. DYP əməkdaşı jurnalistə izah edib ki, o, Bakıxanov küçəsindən Tbilisi prospektinə çıxarkən hərəkət trayektoriyasını dəyişməklə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozub.
 
Jurnalist yol ayrıcında boz metalik rəngli  "E klass Mercedes" markalı avtomobil durduğuna görə zolağı dəyişməyə məcbur olduğunu bildirsə də, polis iradı nəzərə almayıb. Hətta yol ayrıcında duran avtomobilin qaydanı pozmadığını təkid edib. Polis deyib ki, orada dayanma və durmanı qadağan edən nişan olmadığına görə, boz metalik rəngli mercedes heç bir qayda pozuntusuna yol vermir. 
 
Hüquqşünas Ərşad Hüseynov isə nişan olmasa belə, yol ayrıcında avtomobilin durmasının qayda pozuntusu olduğunu bildirirb. 
Qeyd edək ki, protokol tərtib edildikdən sonra yol ayrıcında duran avtomobilin dövlət nömrə nişanını götürmək üçün əraziyə gedən əməkdaşımız DYP əməkdaşlrı tərəfindən yol ayrıcının təmizləndiyinin şahidi olub. Ətrafdakı insanlar belə hadisənin ilk dəfə olmadığını, yol ayrıcında durmaqla digər maşınlara mane olan avtomobilin yol polisi ilə əlbir olduğunu bildiriblər.
 
Onu da qeyd edək ki, "qayda pozuntusu” ilə əlaqədar elektron protokol tərtib edilib e-xidmet.mia.gov.az saytında yerləşdirilsə də, qayda pozuntusunu əks etdirən görüntü əlavə edilməyib.
 
Hadisə barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova məlumat verilib. O hadisənin araşdırılması üşün jurnalisti sabah İdarəyə dəvət edib. 
 
RePost.Az

Baxış sayı: 2459 | Tarix: 24.02.2017
Bizi Telegramda izləyin: @repostaz