Ötən il  sentyabrın 27-də başlayan Vətən Savaşı təkcə 30 ildir işğalda olan ərazilərimizin azad edilməsi deyildi, həm də geniş miqyasda regionda ciddi dəyişikliklərin başlanğıcıydı. 
 
Sovet İttifaqının dağılmasıyla yaranan geostrateji durum 90-cı illərin sonlarına doğru stabilləşdi. İmperiyanın çöküşü nəticəsində əmələ gələn aktivlik azaldı və durğunluq dövrünə girildi. Qarabağ işğal olunub, 1994-cü il Bişkek atəşkəs razılaşması imzalanıb, böyük ölkələr də bu vəziyyətlə razılaşıblar. Qalırdı tərəflər sakitcə razı salmaq. 
 
Türkiyə xaric bütün qonşularımız bizim güzəştlərə getməyimizi, dirçəlməyəcəyimiz şəkildə bu münaqişədən çıxmağımızı istəyirdi. Ən çox da İran maraqlıydı. Səbəbləri çox adama indi-indi açılır. Çünki İran Azərbaycan Respublikasını de-yuri qəbul etsə də, de-fakto həzm edə bilmirdi. Ölkəmizi itirilmiş parçası, gözlənilən seperatizmin səbəbkarı kimi görürdü. Ona görə də hətta ermənilərdən də artıq Qarabağın işğalda qalmasında maraqlı idi.
 
İran təkcə Azərbaycanın zəifliyi üçün deyil, həm də özünə rahat yol kimi də Qarabağın ermənilərdə qalmasında maraqlıydı. Nəzarətsiz geniş bir ərazi həm embarqonu yarmağa, həm də qadağan olunmuş malların idxal və ixracında misilsiz imkanlar yaradırdı. Artıq o yol bağlıdı, nəfəslik qapadılıb.  Üstəgəl Gorus -Qafan yolundakı prinsipial addımlarımız zorla səbr edən İranın kasasını doldurdu. Azərbaycan “ağ elədi”. “Bizdən qopan bir parça”ya həddini göstərək deyib” təlim şousuna başladı. Əlavə olaraq da ali dini liderindən tutmuş millət vəkilinə qədər hədə-qorxu gəlməyəni qalmadı. Hücumun miqyası onu göstərirdi ki Şirin quyruğunu tapdalamamışıq, əslini boğazını sıxmışıq, nəfəsini kəsirik. 
 
Rəsmi Tehran qələbəmizlə dəyişən geostrateji vəziyyətin indi-indi fərqinə varır. Qonşuları arasında yeganə normal olanı ilə düşmən vəziyyətinə gəlməklə vəziyyəti yanlış qavradığını da göstərdi. Prezident İlham Əliyevin Ermənistanla İranın işğal edilmiş ərazilər vasitəsilə narkoticarətlə məşğul olması açıqlaması həm də onu göstərir ki İranın etimadı artıq itirilib. Azərbaycan cənub qonşusu ilə əvvəlki səviyyədə davranmayacaq. Embarqolara qarşı İranı müdafiə etməyəcək.
 
İran itirdiyi ən əsas şeylərdən biri də dünyadakı nüfuzudur. İlham Əliyevin timsalında açıq formada İranın narkotrafiktə ittiham olunmasının ciddiliyi, bunun dünya mediasında, siyasi kluarlarda, beyin mərkəzlərində yaradacağı effekti də İran təsəvvür eləmir. Azərbaycan Prezidenti çıxışlarında daim ehtiyatlı, diplomatik üsluba diqqət edən bir lider kimi tanınır. Əgər açıq şəkildə hansısa ölkəni günahlandırırsa demək real vəziyyət əslində bir neçə dəfə artıqdır. Qismən dilə gətirib. İndiki məqamda da İranın nə işlərlə məşğul olduğunu təqribi olaraq açıqlayıb. Çünki İran işğal olunmuş ərazilər vasitəsilə təkcə narkotika yox, embarqo nəticəsində qadağan olunmuş malların trafikiylə məşğul idi. Araşdırmalar bunları da üzə çıxardacaq. Region ölkələri yeni və güclü oyunçunu, Azərbaycanı qəbul etməli olacaqlar.
 
Rəşad Babalı
 

Baxış sayı: 3523 | Tarix: 17.10.2021
Bizi Telegramda izləyin: @repostaz