Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezident İlham Əliyevlə Kremldə keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığını bəyan edib.
 
RePost.Az-ın məlumatına görə, Putin bildirib ki, bu gün Rusiya ilə Azərbaycan arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanacaq.
 
“Bu, tam aydındır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir”, - deyə Rusiya lideri vurğulayıb.
 
V. Putin Prezident Əliyevin səfərinin Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ərəfəsində baş tutduğunu da söyləyib.
 
Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının çox böyük müsbət mənası olduğunu qeyd edib.
 
“Bəyannamədə 40-a qədər bənd var, sənəd qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir”, - deyə Azərbaycan lideri bildirib.

Baxış sayı: 3143 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz