“Azərbaycan dövləti üçün postmünaqişə dövründə əsas məsələ 30 il ərzində darmadağın edilmiş bu ərazilərin bərpasıdır. Ancaq mina təhlükəsi bu gün də bizi hədəfə alır”.
 
Bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
 
Ceyhun Bayramov deyib ki, 2020-ci ilin noyabrından indiyə qədər 37 nəfər həlak olmaqla, mina partlayışından 200 nəfərdən çox insan zərər çəkib: “Ermənistan uzun müddət mina xəritələri oyunu oynadı, xəritələri vermədi. Sonradan beynəlxalq ictimaiyyətin təzyiqi, beynəlxalq məhkəmə təhlükəsi ilə bağlı 1 ildən sonra, ötən ilin dekabrında mina xəritələri verildi”.
 
Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı problemə toxunan XİN başçısı qeyd edib ki, Ermənistanın bu barədə məlumatları indiyə qədər təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir: “Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Azərbaycanın bu istiqamətdə çoxsaylı müraciətləri və haqlı olmağımız sübut olundu. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb. Ermənistan bu istiqamətdə addımlar atsaydı, bu, münasibətlərin normallaşması prosesinə töhfə verərdi”.

Baxış sayı: 3276 | Tarix: 25.02.2022
Bizi Telegramda izləyin: @repostaz