Bu gün Xocalı soyqırımından 30 il ötür.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
 
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub.
 
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
 
Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan:
 
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
 
8 ailə tamamilə məhv edilib.
25 uşaq hər iki valideynini itirib.
130 uşaq valideynlərindən birini itirib.
 
487 nəfər yaralanıb, onlardan:
 
uşaqlar - 76 nəfər;
 
1275 nəfər əsir götürülüb.
150 nəfər itkin düşüb.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.
 
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Baxış sayı: 3200 | Tarix: 26.02.2022
Bizi Telegramda izləyin: @repostaz