Ukryanya və Rusiya xarici işlər nazirlərinin Türkiyədə görüşü başa çatıb. 
 
RePost.Az xəbər verir ki, 1 saatdan çox davam edən görüşdə heç bir nəticə əldə olunmayıb. Tərəflərin, xüsusilə irəli sürdüyü şərtlərlə bağlı uzlaşma əldə olunmayıb.  Görüşdən sonra tərəflər ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər. 
 
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi.
 
O, görüşdə 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunduğunu vurğulayıb. Danışıqların ağır keçdiyini qeyd edən XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb. Nazir Kuleba bu formatda danışıqların davam etdirilməsinin vacibliyinə də toxunub.
 
Həmçinin o deyib ki, müharibə dayanmalıdır.
 
“Bizə hücum edən ölkə və dövlət bunu istəmirsə, müharibəni dayandırmayacağıq.
 
Mənim təəssüratım odur ki, Rusiya atəşkəs istəmir. Onlar Ukraynanın təslim olmağını istəyirlər. Ukrayna güclüdür, biz onların planlarını alt-üst etdik. Biz balanslı şəkildə diplomatik həllə hazırıq, amma təslim olmayacağıq. Mən xarici işlər naziri olaraq, qərar qəbuletmə səlahiyyəti olan biri kimi bura həll yolu tapmaq üçün gəlmişdim. Amma Lavrov sadəcə dinləmək məqsədilə gəlmişdi”, - Kuleba vurğulayıb.
Lavrov da öz növbəsində Rusiyanın hücumlarına haqq qazandırmağa çalışıb. 
 
“Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər. Amma Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil”.
 
Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib: “Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.
Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.
 
Prezidentlərin görüşünə toxunan Lavrov deyib ki, Rusiya və Ukrayna prezidentlərinin görüşü nəticə verəcəksə, baş tuta bilər. 
 
"Putin təmaslardan qaçmır. Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik. Amma onlar (Amerika və NATO ölkələrini nəzərdə tutur-red) bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”.
Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir: “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.
 
XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır.
 
 

Baxış sayı: 3827 | Tarix: 10.03.2022
Bizi Telegramda izləyin: @repostaz