Son günlər rəsmi İrəvandan sülh mesajlarının intensivliyi bir qədər də artıb. Hətta Ermənistan Xarici İşlər Nazirliyi yanında sülh müqaviləsini hazırlamaq üçün işçi qrup da yaradılıb.
 
Bununla paralel Qarabağda vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə silahlı mülki şəxslər artıq heç bir qorxu-qadağa olmadan ortaya çıxıblar. Mülki əhalinin silahlandırılmasında Rusiya sülhməramlılarının xeyor-duasının olması şübhəsizdir.
 
Rəsmi Moskva isə Qarabağda baş verənlərə reaksiya verməsə də Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı prosesin başlamasını alqışladığını bildirir və bu prosesə hər cür dəstək verməyə hazır olduğunu Mariya Zaxarovanın dili ilə açıqlayır. Əslində Mariya Zaxarovanın dediklərinin sətiraltı mənası Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və ümumiyyətlə burada baş verənlərə heç kəsin müdaxiləsinə ehtiyac yoxdur deməkdir.
 
Bütün bunların fonunda Ermənistan prosesdə Qərbin təmsilçisi kimi Fransanın iştirakını ciddi cəhdlə arzulayır. Niyə Fransa? Çünki Britaniyanın Azərbaycana isti münasibətini nəzərə alsaq ABŞ-ın neytral qalacağı birmənalıdır. Ancaq ermənilər əmindir ki, Fransa onların tərəfini tutacaq Avropanın söz sahibi olan bir ölkəsidir.
 
Sözsüz ki, Ermənistanın Fransanın timsalında Avropaya və bununla da Qərbə meyllənməsi Rusiyanın heç xoşuna gəlmir. Ukrayna böhranının indiki çətin anında isə bu nəinki Kremldə xoş qarşılanmır, hələ üstəlik qəzəb də doğurur. Bu qəzəbi ifadə etmək üçün hətta informasiya manevrləri də edilir. Kremlin əsas ruporlarından biri “Sputnik”in Qarabağdan sülhməramlıların çıxarılması xəbərini yayması bu xəbərdarlığın bir elementi idi. Gecə-gündüz Qarabağda ermənilərə humanitar yardımlar daşıyan Rusiya sülhməramlılarının qaz xəttinin sıradan çıxmasına seyrçi münasibəti də bu bu qəzəbin təzahürlərindən biridir.
 
İndi həm Ermənistan, həm Paşinyan situasiyanın girovuna çevriliblər. Rusiya ilə münasibətləri korlamaq həm Ermənistan, həm də Paşinyan üçün ağır nəticələr verə bilər. Rusiyanın tərəfini tutmaq da nə Ermınistana, nə də Paşinyana ucuz başa gəlməyəcək. Unutmamısızsa Avropa İttifaqı Ermənistana 2.6 milyard Avro söz verib. Bu indiki durumda hım Ermənistan, həm də Paşinyan  üçün yeganə nəfəslikdir.
Buna görə də hazırda Paşinyan Rusiya və Qərb arasında özünəməxsus manevrlər etməyə çalışır. Amma bu manevrlər onu bir qədər də dərin dalana salır.
 
Tez-tez müxalifləri Paşinyana irad tuturlar ki, o Azərbaycanın dediklərini edir. Amma əgər Paşinyanın Azərbaycanlı müşaviri olsaydı, ona Azərbaycanın məşhur mahnısında səslənən fikirləri xatırladardı: İki sevda çəkənlərin cəzası var...
 
P.S. Bütün bunların qurbanı isə Qarabağ erməniləridir. Bu zavallı toplum həm Paşinyanın, həm ikiyə bölünmüş Qarabağ klanının, həm Ermənistanın, həm Rusiyanın, həm Qərbin apardığı eksperimentlərə təcrübə dovşanı funksiyasını yerinə yetirir. Sözün həqiqi mənasında acınacaqlı durumdur.

Baxış sayı: 4435 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz