Ukraynanın siyasi rəhbərliyi ABŞ və Qərbin Rusiyanı mümkün qədər uzun müddət savaşın içərisində tutulmasında maraqlı olduğunu tam dəqiqliyi ilə bilir. Hətta prezident V.Zelenskinin açıqlamalarında ABŞ və Qərbin Ukrayna savaşına münasibətdə özəl maraqlar üzərindən hərəkət etdiyinə yönəlik üstüörtülü ittihamlar da yer alır. Yəni, ABŞ və Qərbin rəsmi Kiyevlə Kreml arasındakı danışıqların pozulmasına, Ukrayna savaşının Rusiyanın tam zəiflədilməsinə qədər davam etməsinə nail olmaq üçün əlindən gələn hər şeyi edəcəyi də indi qətiyyən şübhə doğurmur.
 
Təbii ki, ABŞ və Qərbin bu hədəfi Türkiyənin vasitəçilik missiyasını da çətinləşdirir. Hazırda rəsmi Ankara Rusiya və Ukrayna arasında sülhə nail olmaq, savaşı dayandırmaq istiqmətində ən səmimi, həm də israrla cəhdlər göstərən yeganə dünya dövlətidir. Əgər, Türkiyənin bu cəhdləri müsbət nəticə verərsə, ABŞ və Qərbin hədəfləri iflasa uğraya bilər.
 
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara öz vasitəçilik missiyasında artıq kifayət qədər uğurlar əldə etməyə nail olub. Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirləri son iki il ərazində ilk dəfə Anyalyada görüşüblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib, Kremldə çox önəmli diplomatik təmaslarda olub. Və ardınca Türkiyənin xarici işlər naziri Rusiya ordusunun işğal etməyə çalıdığı Ukraynada vasitəçilk missiyası üzrə danışıqlar aparıb.
 
Bəzi məlumatlara görə, Türkiyənin vasitəçilik missiyası artıq ilk müsbət nəticələrini də verməyə başlayıb. Rəsmi Ankara tezliklə savaşın dayandırıla biləcəyinə eyham vuraraq, xoş xəbərin uzaqda olmadığının mesajını da verib. Üstəlik, son məlumatlarda Ukrayna ilə Rusiya arasında 15 maddədən ibarət sülh planının hazırlandığı iddia olunur. Həmin maddələr barədə hələlik geniş məlumat verilməsə də, Ukraynanın təhlükəsizliyinə Türkiyə də daxil olmaqla, üç ölkənin təminatçı olacağı vurğulanır.
 
Göründüyü kimi, olduqca önəmli nəticədir. Əgər, buna kənardan əngəl törədilməzsə, rəsmi Ankara növbəti mərhələdə artıq üzərində işlənməkdə olan sülh planının imzalanması üçün Ukrayna prezidenti Volodimir Zelenski və Kreml sahibi Vladimir Putin arasında görüşün keçirilməsinə cəhdlər göstərir. Və bu, prezidentlər arasında görüş təklifi ilə bağlı Rusiyanın “yalnız yekun nəticə olacaqsa, mümkündür” şərtinə də tamamilə uyğun gəlir.
 
Belə anlaşılır ki, hazırda Ukrayna savaşına münasibətdə Türkiyə ABŞ və Qərb ilə ciddi rəqabət aparmağa başlayıb. Türkiyə savaşı dayandırıb, sülhü bərpa etməyə çalışır. ABŞ və Qərb isə sülh danışıqlarının pozulmasını, savaşın uzanmasını hədəfləyib. Bu baxımdan, ABŞ və Qərbin pozuculuq fəaliyyətinin Rusiya-Ukrayna sülh planına əngəl törədə biləcəyi də qətiyyən istisna deyil.
 
Elçin Xalidbəyli

Baxış sayı: 3219 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz