Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub.
 
RePost.Az xəbər verir ki, bununla bağlı keçirilən təqdimatda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edib. O deyib ki, bu plan Azərbaycanla birlikdə hazırlanıb, monitorinq qruplarının hesabatlarına əsaslanıb. Planın əsas məqsədi Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması, demokratik təsisatların inkişafını sürətləndirməkdir. Bu, təqdim olunan üçüncü fəaliyyət planıdır: "Məqsədimiz həqiqi nəticələrin əldə olunmasıdır. Əvvəlki planların reallaşdırılması istiqamətində xeyli addımlar atılıb".
 
Qeyd olunub ki, planların icrası ilə bağlı 1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan Lanzarota Konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib. Bir sözlə, müsbət nailiyyətlər var. Lakin müəyyən sahələrdə hələ də problemlər var ki, bura ifadə azadlığı, seçki, ədalətli mühakimə sahələri daxildir. Yeni fəaliyyət planı yeni sahələri də əhatə edəcək, bura, süni zəka, ekologiya və iqlim dəyişikliyi, insan alveri, narkotik vasitələrdən sui-istifadə və onların satışı ilə mübarizə sahələri daxildir.
 
AŞ Baş katibi regional layihələrin əhəmiyyətinə də toxunaraq deyib ki, Azərbaycan bu layihələrdə uğurla iştirak edir. Aİ bu layihələrin icrasında ən böyük donordur.
 
O da vurğulanıb ki, Avropa Şurası, Aİ və Azərbaycan insan haqlarının və demokratiyanın inkişafında öhdəliyi bölüşür.

Baxış sayı: 3808 | Tarix: 05.04.2022
Bizi Telegramda izləyin: @repostaz