Brüssel görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi baxımından effketiv adlandırmaq olar. 44 günlük müharibədən sonra üçtərəfli bəyanatlar və bu ölkə liderləri arasında təşkil edilən digər görüşlərin nəticələrinə nəzər salarkən bu qənaətə gəlmək olar. Baxmayaraq ki, İrəvan ilə Bakı arasında atəşkəsin əldə olunmasında əsas vasitəçi qismində Rusiya diqqət mərkəzində oldu, baxmayaraq ki, postmünaqişə dövründən sonrakı proseslərdə də ən aktiv vasitəçi qismində Moskvanın fəallığını qeyd edə bilərik, amma ortada ciddi bir nəticə yoxdursa, bu fəaliyyətin hər hansı bir işə yaradığını da demək olmaz. Əgər imzalanan sənədlər kağız parçasından başqa bir şey deyilsə, demək ki, bu qədər vaxt itkisi kiməsə qazandırılan zamandan başqa bir şey deyilmiş.
 
Necə ki, Kreml imzası olduğu üçtərəfli bəyanatın müddəalarını geridə qalan il yarım ərzində üzərində götürdüyü öhdəlikləri Ermənistana təzyiq edərək icra etdirə bilmədi. Lakin istər müharibə zamanı, istərsə də psotkonflikt dövründə daha susqun, proseslərə müdaxilə imkanı olmadığından proseslərə səsləndirdikləri bəyanatlarla müdaxilə etməyə çalışan Qərb son aylar nümayiş etdirir ki, Azərbaycanın regionda yaratdığı geosiyasi reallıq nəyinki onun, bütün region dövlətlərinin mənfəətinə uyğundur, bunu Ermənistana qəbul etdirmək yolunda da ciddi addımlar atmağın mümkünlüyünü son Brüssel görüşündə açıq şəkildə Moskvaya nümayiş etdirdi. 
 
Elə bunun nəticəsidir ki, erməni baş nazir Azərbaycan Prezidenti ilə görüşdən sonra ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, "Dağlıq Qarabağ"ın yekun statusu məsələsi Azərbaycanla sülh sazişi çərçivəsində müzakirə edilməlidir. Amma biz biraz keçmişə, daha dəqiq desək bir ay öncəyə nəzər salsaq görərik ki, Azərbaycan Ermənistana 5 maddəlik sülh paketini təqdim etdikdən sonra Ermənistan höküməti cavabında bildirmişdi ki, "Dağlıq Qarabağ"ın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupunun formatı çərçivəsində həll olunmalıdır. Son Brüssel görüşünə kimi də rəsmi İrəvanın müxtəlif hökümət nümayəndələri, eləcə də Paşinyan eyni mövqedən çıxış etdilər. Amma görüşlərin ikinci raundu Paşinyanı geri addım atmağa vadar etdi.
 
Ermənistan hakimiyyətinin Azərbaycanın təqdim etdiyi sülh paketini belə qısa zamanda qəbul etməsi bu görüşün Bakı üçün məhsuldar alındığından xəbər verir. Bir da danılmaz faktdır ki, Avropa İttifaqı artıq sülh müqaviləsinin imzalanması məsələsində Azərbaycan qədər maraqlıdır. Təbii ki, Qərb bu məsələdə Ukrayna ilə müharibə nəticəsində daha aqressiv şəkildə qarşısına çıxan əsas rəqibi Rusiyanın ən böyük maraqlarının cəmləşdiyi Cənubi Qafqazı tamamilə onun orbitindən çıxarmaq niyyətindədir.
 
Brüssel görüşündə Aİ Şurasının prezidenti Şarl Mişelin yekun Bəyanatında Azərbaycan üçün xüsusilə ən diqqət çəkən məqam ondan ibarətdir ki, "Dağlıq Qarabağ" ifadəsinə və ya keçmişin qalığı olan Minsk Qrupu həmsədrlik institutuna hər hansı bir istinad yoxdur. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Azərbaycanın yaratdığı postkonflikt reallıqlarını, regiondakı yeni geosiyasi reallıqları qəbul edir, sülhməramlı kontingentin müvəqqəri nəzarətindəki əraziləri Azərbaycanın suveren ərazisi olaraq təsdiqləyir və torpaqlara olan ərazi iddiasını əsassız hesab edir.
 
Əgər geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, xüsusilə də bu, ölkə əhalisinin razılığı olmadan edilə bilməz. Ona görə də "Dağlıq Qarabağ" məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləyə bilməz. Başqa bir arqument də odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların "müstəqil" Ermənistan dövləti var.
 
Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar bu gün necə ki, Fransada, Amerikada, Rusiyada yaşayırlar, eləcə də Azərbaycanda yaşaya bilərlər. Brüsseldəki yekun Bəyanat da bu məsələdə İrəvana öz yekun mövqeyini nümayiş etdirmiş oldu.
 
Təxminən bir ay öncə sülhməramlıların müvvəqqəti nəzarət zonasında ermənilərin yaşadıqları yaşayış məntəqələrində mavi yanacaq probleminin yaranmasından sonra ABŞ Dövlət Departamentinin rəsmi Bakıya müraciət edərək həmin ərazilərdəki istilik probleminin aradan qaldırılması üçün müəyyən gərəkli addımlar atmasını istəməsi də özü özlüyündə artıq okeanın o tayında belə, Minsk Qrupunun üç həmsədrindən biri olan ABŞ-ın da artıq qeyd-şərtsiz həmin ərazilərin Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləməsi demək idi. İzahı çox sadədir: Bir ölkənin sərhədləri çərçivəsində yaşayan başqa bir xalqın nümayəndələri əgər o ölkədə hər hansı bir problemlə üzləşərsə, bu probelmi həll etmək üçün həmin xalqın yaşadığı ölkə rəhbərliyinə, rəsmilərinə müraciət olunar. Bu prizmadan məsələyə baxsaq əslində, ABŞ-ın bu müraciətlə nə demək istədiyini anlamaq çətin deyil.
 
Hə, o ki qaldı erməni baş nazirin Brüssel görüşünün ikinci raundu ilə bağlı açıqlamasının ardında söylədiyi növbəti fikirlərə, bu, bizə bəzi məsələləri daha da aydınlaşdırmaq üçün xeyli yardım etmiş oldu deyə bilərik. Paşinyan dünən qeyd edib ki, Brüssel görüşü zamanı "Qarabağda təhlükəsizlik məsələləri və Fərruxdaki vəziyyət" də müzakirə edilib, lakin ortaq məxrəc əldə olunmayıb. O, bu məsələlərdə təkid etməməsini "müzakirələrdə Rusiya tərəfinin də iştirak etməli" olması ilə əlaqələndirib. Beləliklə Paşinyan dolayısı ilə demək istəyib ki, "mənə Brüssel görüşündən öncə dəfələrlə zəng edən Kreml rəhbəri narahat olmasın, onların bu ərazilərdə sorunluluq daşıdığı məsələlər var. Rusiyanın bölgədən əlinin tamamilə üzülməsini istəmirik, bunun baş verməməsi üçün nə lazımdırsa, edəcəyikdə". Bununla da erməni baş nazir həm Şarl Mişelin yekun Bəyanatına əsaslanaraq Rusiyanın aqresiyasına tuş gəlməkdən özünü qorumaq istəyir, həm də Moskvanı inandırmağa çalışır ki, mən Rusiyanın Qarabağda tutduğu mövqedən, sərgilədiyi münasibətdən razıyam. 
 
Azərbaycanın bu gün öz müqəddəratını həll etməsi istiqamətində atdığı diplomatik addımlar Moskvanı da rahat buraxmır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən Rusiya XİN rəhbəri Sergey Lavrovun bu görüşdə səslıəndirdiyi fikirlər bu fikirləri daha da qüvvətləndirdi. O bildirib ki, "Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək". Rəsmi Moskva burada Ermənistanı yeni silahlarla təchiz etməyi, yeri gəlsə canlı qüvvə ilə də gücləndirəcəyini diqqətə çatdırmaqla əslində Bakıya bir mesaj da vermiş ola bilər. Əgər Rusiya həqiqətən də regionda sülh, sabitlik istəyirsə Ermənistanı silahlandırmaqda məqsədi nədir?
 
Azərbaycan Ermənistana sülh təklif edir, Ermənistan iki gün əvvəl bununla razılaşır və birdən Rusiya peyda olur ki, "Ay Ermənistan, biz səni silahlandırmaq, müdafiə qabiliyyətini gücləndirmək istəyirik". Nə olub, nə münasibətlə axı?
 
Bu, eyni zamanda o deməkdir ki, Moskva revanşist qüvvələri hər an Azərbaycana qarşı hazır vəziyyətdə saxlamaq istəyir. Bu isə özü-özlüyündə istər 10 noyabr, 11 yanvar üçtərəfli bəyanatlarına, istərsə də Soçi görüşündə əldə edilən razılıqlara tamamilə ziddir. Bu azmış kimi, Moskva unutmamalıdır ki, Azərbaycan 22 fevral Moskva Bəyannaməsinə görə Rusiyanın ən yeni müttəfiqidir. Bu prozmadan da Moskva yanlış yolda olduğunu bilməlidir. 
 
Lavrovun bu gün Mirzoyanla görüşünün ardından sabah baş tutacaq Putin-Paşinyan görüşü regionda vəziyyətin düşünüldüyündən də mürəkkəb mərhələyə keçdiyindən xəbər verir. Bunun çox yaxşı fərqində olan qardaş Türkiyə prosesləri çox yaxından izləyir. Hətta son Brüssel görüşünü daha detallı öyrənmək üçün Rəcəb Tayyib Ərdoğan ötən gün İlham Əliyevlə telefon əlaqəsi də qurub.
 
Tərəflər, dünən Bürüsseldə keçirilən üçtərəfli görüşün detallarını müzakirə ediblər. İlham Əliyev Ərdoğanla söhbətində Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib.
 
Dövlət başçımız Ərdoğanla söhbətində elan etdi ki, Bakının "Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və ərazi bütövlüyünün tanınması" şərti İrəvan tərəfindən qəbul edilib.
 
Erməni qoşunları çıxarılmalıdır. Əgər sərhədlə bağlı komissiya yaradılır və işə başlanırsa, bu da reallaşmalıdır. Razılaşmanın praktikada işləməməsi də Rusiyanın maraqları fonunda mümkündür, bu da güc tətbiqini aktuallaşdırır. Ərdoğan bu telefon danışığı ilə istər rəsmi İrəvana, istərsə də Ermənistanın forpostu olduğu ölkəyə mesaj verdi ki, "bütün danışıqlar, gedən proseslər nəzarətimdədir. Azərbaycan tək deyil. Əgər hər hansı bir yanlışlıq olarsa bizi qarşınızda görəcəksiniz". 
 
Təhməz Əsədov
Milli.Az

Baxış sayı: 4777 | Tarix: 08.04.2022
Bizi Telegramda izləyin: @repostaz