Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Moskvada danışıqların yekunlarına dair birgə bəyanatla çıxış ediblər.
 
RePost.Az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında mütəmadi görüşlər çərçivəsində konstruktiv işin davam etdirilməsi və tərəflərin razılaşmalarının ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
 
Tərəflər ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun beynəlxalq mandatına uyğun olaraq onun potensialından və təcrübəsindən istifadənin vacibliyini bildiriblər.
 
Paşinyan və Putin Cənubi Qafqazda bütün iqtisadi əlaqələri və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq üçün Üçtərəfli İşçi Qrupun fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
 
Bəyanata görə, Rusiya tərəfi Ermənistanın dəmir yolu infrastrukturunun, o cümlədən Sünikdə və Ermənistanın digər bölgələrində dəmir yolunun bərpası layihələrində iştirak etməyə hazırdır.
 
Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli sazişlərə uyğun olaraq, Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədi zonasında delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
 
İki ölkə liderləri Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.
 
Bundan əlavə, hər iki ölkənin başçıları bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirlərdən istifadə etməsindən narahat olduqlarını bildiriblər, həmçinin bu tədbirlərin yaratdığı çətinlikləri birgə aradan qaldırmaq niyyətlərini ifadə ediblər.
 
Liderlər bir daha təsdiq etdilər ki, hər iki dövlətin əraziləri biotəhlükəsizlik sahəsində bir-birinin maraqlarına qarşı yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi məqsədilə üçüncü ölkələrin istifadəsinə verilməyəcək.

Baxış sayı: 3618 | Tarix: 20.04.2022
Bizi Telegramda izləyin: @repostaz