“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər”.

RePost.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi.

Həmin o 6 bənddən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana mart ayının əvvəlində təqdim edib? Biz bəyan etmişdik ki, təkliflər vasitəçilərin köməyi ilə təqdim olunub. Bu səbəbdən bu sual onlara ünvanlansa, daha doğru olar.

Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur və hələ 1992-ci ildə Azərbaycan və Ermənistan MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır. Növbəti bir bənd ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur. Bu da sual doğuran məqam deyil. Növbəti bənd ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir. Bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil. Demək olar ki, bu qrup iflic vəziyyətdədir”, - nazir vurğulayıb.


Baxış sayı: 1832 | Tarix: 10.05.2022
Bizi Telegramda izləyin: @repostaz