Vətəndaş Əsgərov Vüqar Əli oğlunun 09.03.2022-ci il tarixində "Müharibə veteranı" adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd olunub ki, həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib. Nazirlikdən V.Əsgərova zəruri sənədlərin hazır olması barədə məlumat verilib. Əlavə olaraq izah olunub ki, ondan başqa 12000-dən artıq Vətən müharibəsi iştirakçısının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək.
 
Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib. Vətəndaş V.Əsgərov da daxil olmaqla digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək.
 
Bundan sonra, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) verilməsi 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
 
Bir daha sosial şəbəkə istifadəçilərini əsassız iddialar səsləndirən vətəndaşların çıxışlarını yaymaqla ictimaiyyətdə yanlış rəy formalaşdırmamağa çağırırıq.

Baxış sayı: 1984 | Tarix: 17.05.2022
Bizi Telegramda izləyin: @repostaz