Toy dəvətnaməsi, ad günü diski, rentgen şəkli, açar, uşaq çantaları, çətirlər, şəxsiyyət vəsiqələri, tələbə biletləri, xarici pasportlar, pulqabıları, hətta ərəb şeyxinin telefonu...
 
Bunlar "Baku Bus”ın inzibati binasında saxlanılan, sərnişinlərin avtobusda unutduqları itən əşyaların sadəcə bir hissəsidir.
 
"Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirir ki, "Baku Bus” fəaliyyətə başladığı gündən etibarən avtobusların salonunda sərişinlərin unutduqları əşyaları saxlayır. Təbii ki, əşya digər sərnişinlər tərəfindən götürülməyibsə:
 
"Avtobusda qalan əşyalar sonuncu dayanacaqda dispetçer tərəfindən götürülür və göndərilir "Baku Bus”ın inzibatı binasına. Binaya gəldikdən sonra həmin əşyalar qeydiyyata alınır, nömrələnir. Nisbətən kiçik ölçüdə olan əşyalar inzibati binanın özündə, daha böyük əşyalar isə "Baku Bus”ın anbarında saxlanılır. İtmiş əşyalar nömrələri ilə birlikdə kompüterdə qeydiyyatdan keçir. Əşyasını itirən şəxs zəng etdiyi zaman onu tapmaq bu şəkildə daha asan olur.
 
Eyni zamanda, "Baku Bus”ın qaynar xəttində (*4242) itmiş əşyalarla bağlı bölmə yaradılıb. Əşyasını itirən şəxslər 24 saat fəaliyyət göstərən qaynar xəttə müraciət edə bilərlər”.
 
Müsahibə zamanı maraqlı əşyalarla qarşılaşdıq. Elə onlardan biri də ərəb şeyxinin Azıərbaycanda unutduğu telefon idi. Mansur Priyev deyir ki, bu telefon 6 aydır ki buradadır. Onun sahibi Səudiyyə Ərəbistanının vətəndaşıdır və O, Azərbaycana səfəri zamanı avtobuslardan birində telefonunu unudub:
 
"Bu telefon satışda yoxdur və bir ay enerji saxlaya bilir. Bunu itirən ərəb şeyxi heç ingilis dilini də bilmirdi. O, tərcüməçi tapıb bizim xarici dil bilən əməkdaşımızla əlaqə saxladı. Dedi ki, telefonu saxlayın, gəlib götürəcəm. Amma 6 aydır hələ də gəlməyib”.
 
Mansur bəy qeyd etdi ki, bəzən itirilmiş əşyadan əvvəl müraciət daxil olur. Bəzən də əşya gəlir, amma müraciət yox:
 
"Əşyaların hamısı yeni deyil. Burada 7-8 aydır sahibinin gəlməsini gözləyən əşyalar var. Biz onları qeydiyyata almışıq və sahiblərinin gəlməsini gözləyirik. Eyni zamanda, biz, mütəmadi olaraq, "Feysbuk” səhifəmizdə bunu elan şəklində yerləşdiririk”.
 
Həmçinin, gələn əşyalar sezona görə də dəyişir. Belə ki, dərs vaxtı daha çox kitab, çanta, yağışlı günlərdə çətir unudulur.
 
Diqqətimizi çəkən digər bir əşya yarıya kimi oxunmuş kitab idi. Sahibi tamamlanmadan, bəlkə də ən maraqlı hissəsində itirmişdi onu. Bəlkə də, bu yazımızla onu kitabına qovuşduracağıq. Bilmək olmaz...
 
Belə... Əgər siz də "Baku Bus”da əşyanızı itirmisinizsə,  24 saat fəaliyyət göstərən (*4242)  qaynar xətti ilə əlaqə saxlayıb, onu tapa bilərsiniz.
 
RePost.az

Baxış sayı: 3713 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz