Bu gün 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin açılış mərasimi keçirilib.
 
APA-nın yerli bürosunun verdiyi məlumata görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yangın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər.
 
Əvvəlcə Qafqaz İslam Ordusunun və Qarabağ müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib.
 
Niyazi Bayramov çıxışında bu günün hər kəs üçün çox əlamətdar və qürur verici günlərdən olduğunu söyləyib. O qeyd edib ki, bu gün ölkəmizin hər yerində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunur: “O silahlı qüvvələr ki, yarandığı bir gündən daim ölkəmizin ərazi bütövlüyün qoruyur. O ordu ki, 2020-ci ildə Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində bizə Şanlı Qələbə yaşatdı”.
 
Şəhər rəhbəri onu da bildirib ki, bu gün eyni zamanda, Qafqaz İslam Ordusunun Gəncədə qəhrəmancasına şəhid olan 13 mehmetciyin xatirəsinə həsr olunan abidənin açılışıdır. Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
 
Cahid Bağçı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub:
 
“Bu münasibətlərin əsasında tarixi bağ dayanır”.
 
O qeyd edib ki, Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb: “Çünki, Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar”.
 
Cahit Bağçı sözügedən ərazidə ucaldılan möhtəşəm abidənin hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulayıb.
 
Tədbirdə çıxış edən rəsmilər Azərbaycan və Türkiyə arasında olan tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir.
 
Çıxışlardan sonra din xadimləri Kamran Məmmədov və Zeki Yavuzyılmaz şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra rəsmilər tərəfindən abidənin üzərindən ağ örpək götürülüb və önünə tər güllər düzülüb.
 
Mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında “Mehtər Marşı” və “Nuru Paşa Marşı” təqdim olunub.
 
Bununla yanaşı, mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk tərəfindən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə ucaldılan abidə inşasında əməyi keçənlərə Təşəkkürnamələr təqdim olunub.
 
Qeyd edək ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. 7 metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
 

Baxış sayı: 806 | Tarix: 26.06.2022
Bizi Telegramda izləyin: @repostaz