4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
 
XİN-dən RePost.Az-a verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
 
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.
 
Hadisənin məsuliyyətini "Mehdi xidmətçiləri" radikal şiə qruplaşması öz üzərinə götürüb. 
 
Xatırladaq ki, səfirliyə hücum edənlərin nümayiş etdirdiyi şəkildəki qadın bir neçə gün öncə Bakıda divarlara radikal dini şüarlar yazan qadının şəkli olub. Bu da hadisənin təsadüfən baş vermədiyi, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlamasından sonra İranda aktivləşən radikal dini qruplaşmalar olduğu ehtimal edilir. Doğrudur qruplaşma üzdə Əli Xameneyinin liderliini qəbul etmədiyini bəyan etsə də, SEPAH terror təşkilatı tərəfindən himayə olunduğu istisna edilmir. 
Qruplaşmanın əsas liderlərindən biri Hüseyn əl-Şirazi İranın əsas dini ideoloji mərkəzi hesab olunan Qumda dini təhsil alıb və orada xidmət edib.  
 
O, Qumda xütbələrinin birində Xameneyinin misir fironları ilə müqayisə etdiyinə görə 2018-ci il martın 6-da müxalif imici formalaşdırmaq naminə həbs edilib. Buna etiraz olaraq qruplaşma üzvləri İranın Londondakı səfirliyinə daxil olaraq İran bayrağını öz bayraqları ilə əvəz ediblər.  Polis müdaxiləsindən sonra radikallar həbs edilib.  
 
Həmin ərəfədə ciddi maliyyə sıxıntısı ilə üzləşən qruplaşmanın məhz Şirazinin həbsindən sonra SEPAH terror təşkilatı ilə əlaqələrinin yarandığı, SEPAH-ın Qüds qanadının ABŞ-ın antiterror əməliyyatında öldürülmüş rəhbəri Qasım Süleymaninin himayəsinə verildiyi ehtimal olunur.
 
Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlamasılndan sonra SEPAH-a bağlı medianın rəsmi Bakını təhdid etməsi, İranın dini liderlərinin Azərbaycan-Ermənistan sərhədi ilə bağlı təhdid dolu byanatlar səsləndirməsi fonunda “Mehdi xidmətçi”lərinin bu addımı yuxarıdakı ehtimalları gücləndirir və əslində bu qruplaşmanın mehdi yox, əyalət mollalarının xidmətçiləri olduğunu istisna etmir .

Baxış sayı: 4891 | Tarix: 05.08.2022
Bizi Telegramda izləyin: @repostaz