Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
 
DİN-dən verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
 
Hossein Bolhassani müxtəlif qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil edən əsas şəxslərdən biri olub. Onun narkotik vasitələrin satışını həyata keçirmək üçün paytaxt ərazisində yaratdığı şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baxış sayı: 3409 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz