Gürcüstanda İsrail vətəndaşına qarşı uğursuz sui-qəsd cəhdinin detalları açıqlanıb.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, İran vətəndaşının sifarişi əsasında qətlinə cəhd edilən İsrail vətəndaşının İsrail-Gürcüstan Biznes Palatasının prezidenti, iş adamı İtsik Moşe olduğu məlum olub.
 
Məlumat İsrail-Gürcüstan Biznes Palatasının yaydığı bəyanatda da təsdiqini tapıb.
 
İsrail mətbuatının məlumatına görə, sifarişi əvvəllər Gürcüstanda Qüds Qüvvələri üçün çalışmış Məhəmməd Reza Ebadi Arablu adlı İran vətəndaşı verib və qətl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən təşkil olunub.
 
“Jerusalem Post”un məlumatına görə, qətlin icrası üçün Pakistandan “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli sui-qəsd komandası Tbilisiyə gəlib və hədəflə bağlı kəşfiyyat məlumatları toplamağa başlayıb.
 
Qeyd olunub ki, ötən həftə həmin terrorçulardan biri saxlanılıb və ondan odlu silah və sursatlar, həmçinin planlaşdırılan cinayətlə bağlı digər dəlillər ələ keçirilib. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) sui-qəsddə istifadə ediləcək sursatların Türkiyədən Gürcüstana qaçaq yolla gətirilməsini təşkil edən Gürcüstan-İran ikili vətəndaşlığına malik daha iki nəfəri də saxlayıb.
 
Bildirilib ki, DTX odlu silah və sursatlarla yanaşı mobil telefonlar da ələ keçirib və burada qətlin planlaşdırılması və müxtəlif gizlətmə nöqtələrinə dair məlumatlar ələ keçirilib.
 
Məlumatda o da bildirilib ki, İranın Pakistan və Gürcüstan vətəndaşlarını öz maraqlarına xidmət edən sui-qəsd üçün kirayələməsi onun xarici terrorçulardan istifadə edərək öz izlərini ört-basdır etməyə çalışmasına dair bir nümunədir.
 
Məsələ ilə əlaqədar İsrail təhlükəsizlik qüvvələrinin gürcüstanlı həmkarları ilə əməkdaşlıq etdiyi bildirilib.
 
“Jerusalem Post”a İsrail təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, İran daha əvvəl də - 2021 və 2022-ci illərdə Gürcüstanda terror aktı törətməyə çalışıb və bu, ilk belə cəhd deyil. Vurğulanıb ki, hücumun arxasında duranlardan biri Qüds Qüvvələrinin üzvü Şahram Pursafidir və o, ABŞ-ın keçmiş təhlükəsizlik müşaviri Con Boltonun qətlinə cəhddə ittiham edilir.
 
“İran və “Əl-Qaidə” arasında əlaqələr yeni deyil. Bu terror hücumuna cəhd onlar arasındakı yaxın və illərlə davam edən əlaqələri – xüsusilə də Tehranın günahsız mülki şəxslərə qarşı hücumlarında birbaşa iştirakını gizlətmək məqsədilə terror təşkilatlarından istifadə etməsini, onların üzvlərinə İran torpağında ev sahibliyi etməsini bir daha göstərir”, - İsrailin təhlükəsizlik mənbəsi bildirib.
 
İsrailin Milli Təhlükəsizlik Şurasının məlumatında isə Gürcüstana səyahətlə bağlı heç bir yeni xəbərdarlıq olmadığını qeyd olunub.
 
İsrail-Gürcüstan Biznes Palatasının prezidenti, iş adamı İtsik Moşe isə Gürcüstan DTX-ya təşəkkür edib.
 
Qeyd edək ki, ötən gün Gürcüstan DTX-nın Əks-kəşfiyyat departamenti İsrail vətəndaşını qətlə yetirməyə çalışan beynəlxalq cinayətkar qrupu ifşa etdiyini bəyan edib. Qurumun açıqlamasında bildirilib ki, operativ əməliyyat-istintaq tədbirləri nəticəsində ölkə xaricində olan İran vətəndaşının sifariş verdiyi və Pakistan vətəndaşının icra edəcəyi sui-qəsdin qarşısı alınıb. Məlumatda qeyd olunub ki, sui-qəsd cəhdinin İran vətəndaşı olan sifarişçisi də daxil olmaqla xaricdə olan təşkilatçıları müəyyənləşdirilib və digər iştirakçılarla bağlı kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
 

Baxış sayı: 274 | Tarix: 16.11.2022
Bizi Telegramda izləyin: @repostaz