Bakının Xətai rayonunda marketdən oğurluq edən şəxs polislərə silahlı müqavimət göstərib. 
 
DİN-dən RePost.Az-a verilən məumata görə, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. 
 
Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.
 
Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb. 

Baxış sayı: 9888 | Tarix: 02.02.2023
Bizi Telegramda izləyin: @repostaz