"Ermənistan tərəfindən qaldırılan ikinci vəsatət guya Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşı olan erməni əsilli şəxslərin bu və ya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı konkret olaraq həmin ərazinin təbii qazla, elektrik enerjisi ilə təchizatı, sonradan hətta fiberoptik internet təchizatı ilə bağlı qəsdən, qərəzli şəkildə hansısa müdaxilələrin edilməsi və bununla da həmin ərazilərdə yaşayan əhalinin hüquqlarının pozulması ilə bağlıdır".
RePost.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov fevralın 23-də keçirilən mətbuat konfransında söyləyib.
O, Ermənistan tərəfinin bu iddiaları hələ 2021-ci ilin mart ayından mütəmadi olaraq məhkəmə qarşısında qaldırdığını diqqətə çatdırıb.
Nazir müavini söyləyib ki, Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib.
"Azərbaycanın mövqeyi ondan ibarət olub ki, ilk növbədə, 30 illik işğal dövründə və bu günə kimi həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi öz öhdəliyinə düşə biləcək bu və ya digər hərəkətlərin təmin edilməsi, öz ərazisindən keçən qaz boru xəttinin təmiri ilə bağlı əgər Ermənistan tərəfindən müraciət edilərsə bu əməkdaşlığa hazır olduğunu bildirməsi barədə dəlil və sübutlarını məhkəməyə təqdim edib. Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi dünən açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur. Bununla da Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib", - E.Məmmədov vurğulayıb.