Ünal Çeviközü  (1952) biz daha çox Türkiyənin Azərbaycandakı keçmiş səfiri kimi tanıyırıq. Ancaq o, Bağdad və Londonda da səfir kimi fəaliyyət göstərib. Hazırda isə o, “Altılı Masa”nın prezident seçkisində vahid lideri Kemal Kılıçdaroğlunun xarici məsələlər üzrə məsləhətçisi qismində çıxış edir. 
 
Xatırladım ki, o, 2018-ci ildə keçirilən seçkilərdə CHP-dən millət vəkili (İstanbul) seçilib. Ancaq 2020-ci ildə CHP-nin məçlisinə keçirilən seçkilərdə uğursuzluğa düçar olub. Elə bu səbəbdən də “Genel Başkan Yardımcısı” statusunu itirib. CHP rəhbərliyi vəziyyətdən çıxmaq üçün onu "Dış İlişkilerden Sorumlu Genel Başkan Başdanışmanı" elan edib...
 
Bir detalı da deyim, maraqlı olar. 20 yanvar 2018-ci ildə keçirilən konqresdə o, “Qalatasaray” İdman Klubunun idarə heyətinin üzvü seçilib, daha sonra “Qalatasaray” İdman Klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib və 5 fevral 2018-ci il tarixinədək bu vəzifəsini davam etdirib. O, siyasətə gəldikdən sonra vəzifəsindən istefa verib...
 
Ünal Çeviköz həm də ''Maalesef Türkiye, Azerbaycan'a silah verdi' və 'Türkiye Azerbaycan'a cihatçı gönderiyor' kimi fikirləri səsləndirmiş adamdır. Təbii ki, ermənilərin və erməni yanlılarının səsləndirdiyi fikri birə-bir təkrar edən Ünal Çeviközün bu açıqlaması Azərbaycanda da, elə Türkiyədə də nifrətlə qarşılandı. İş o yerə çatdı ki, cənab Çeviköz belə bir açıqlama verməli oldu. “O, Ermenistan ve Azerbaycan arasındaki çatışma ile ilgili ifadelerinin çarpıtıldığını ve kendisine karşı "karalama kampanyası" başlatıldığını öne sürdü. Çeviköz, "Asıl üzücü olan, bu kampanya ile benim ve partimin Azerbaycan’ın yanında olmadığımız şeklinde yaratılan algıdır" dedi”. Bu çıxışa görə onun istefasını tələb etdilər. O da vurğulandı ki, ermənilər və Fransa prezidenti onun bu çıxışından anti-Azərbaycan təbliğatı üçün yararlandı. Həmin çıxışın video-çarxı hələ də Youtube-də dolanır. Mən də həmin məqamı əks etdirən görüntüləri şərh bölümündə təqdim edirəm...
 
“Politico.eu” qeyd edir ki, Ünal Çeviköz bildirib ki, Kemal Kılıçdaroğlu prezident seçilsə, HDP başqanı Selahattin Demirtaş və insan haqları müdafiəçisi Osman Kavala həbsdən azad olunacaq. İsveç və Finlandiyanın NATO-ya daxil olmasına Türkiyə dərhal yaşıl işıq yandıracaq. 
Qəzet soruşur ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünə ənənəvi olaraq düşmən münasibət bəsləyən Fransa və Avstriya (Almaniya da bu sırada öndə gəlir) buna imkan vermir. Bu suala cavab verən Çeviköz Ərdoğanın Avropa ilə yaratdığı qarşıdurmanın altından xətt çəkmək üçün diplomatik prosesin bərpa olunmasının vacibliyini vurğulayıb: “Bu, Türkiyənin Avropa İttifaqına dərhal üzv olacağı anlamına gəlmir, lakin bu, proses məsələsidir və önəmli olan da prosesdir. Çünki biz istəyirik ki, ölkəmiz sivil dövlətlər birliyinin üzvü kimi demokratik ölkəyə çevrilsin”.
Sayt yazır ki, Çeviköz əlavə edib ki, Kılıçdaroğlunun rəhbərliyi altında Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirməyə və Qara dəniz taxıl müqaviləsini uzatmağa hazır olacaq: “Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər kifayət qədər asimmetrikdir, çünki Türkiyə Rusiyadan enerji idxalından çox asılıdır. Biz sadəcə olaraq Türkiyənin NATO-nun üzvü olduğunu vurğulayacağıq və Rusiya ilə müzakirələrimizdə, əlbəttə ki, bərabərhüquqlu dövlətlər arasında münasibətlər axtaracağıq, ancaq Rusiyaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacağıq”.
 
Gördüyünüz kimi, hətta Kılıçdaroğlu da Türkiyə-Rusiya münasibətlərindən imtina etmək gücündə deyil...

Baxış sayı: 7475 | Tarix: 17.03.2023
Bizi Telegramda izləyin: @repostaz