"Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub".
 
Bu barədə TƏBİB-dən bildirilib.
 
Qeyd edilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".
 
Qeyd edək ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib. Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib. Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.
 
Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

Baxış sayı: 9337 | Tarix: 17.05.2023
Bizi Telegramda izləyin: @repostaz