Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 
Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
 
Şəki-Zaqatala regional təhsil idarəsi 24 şagird və 3 müəllimin zəhərlənməsi ilə bağlı açıqlama yayıb.
 
Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.
 
Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.
 
İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdur. Belə ki, 23 may tarixində hava tempraturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
 
Hadisə haqqında əlavə məlumat veriləcək.

Baxış sayı: 7190 | Tarix: 23.05.2023
Bizi Telegramda izləyin: @repostaz