Hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb.
 
Bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd edilib ki, bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb:
 
"Qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar.
 
Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir.
 
Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.
 
Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.
 
Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.
 
Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır".

Baxış sayı: 3428 | Tarix: 23.11.2023
Bizi Telegramda izləyin: @repostaz