Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtopbus parkında “drift” edən sürücünün əməli barəsində açıqlama yayıb.
 
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli RePost.Az-a verdiyi açıqlasında sürücünün əməlinin yolverilməz olduğunu bildirib. 
 
“Hadisə qapalı məkanda baş versə də, ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu kimi hallara yol verilməsi qəbul edilməzdir və həmin sürücünün də intizamlı sürücü olmasını sual altına qoyur. Bütün hallarda ictimai nəqliyyatı idarə edən sürücülər daha intizamlı və öz hərəkəyləri ilə digər sürücülərə nümunə olmalıdırlar. Odur ki, şərnişindaşıma xidməti ilə məşğul olan şirkətlərdən bir daha xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər özlərinin, daşıdıqları sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatlarını təhlükə altına atmasınlar”. 
 
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobus parkında “drift” edən sürücünün əməli sosial şəbəkədə yayıldıqdan sonra ciddi tənqid edilib. Parkda şirkətə məxsus xeyli sayda avtobusların, o cümlədın Yanacaq Doldurma Məntəqəsinin olmasını nəzərə alsaq, sürücünün adi bir səhvinin hansı faciələrə səbəb olacağını təsəvvür etmək çətin deyil. Ən azından sürücünün bu hərəkəti şirkətə külli miqdarda zərər vurmaqla yanaşı Bakıda sərnişin daşıma sahəsində də ciddi problemlərə yol aça bilərdi. Çünki Bakıda əksər marşrut xəttləri bu şirkətə məxsusdur. 
 
“Xaliq Faiqoğlu” şirkəti isə sürücünün məsuliyyətsizliyini təlimatlarla əlaqələndirib.
 
“Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib. Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb”. 
 
Qeyd olunub ki, baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.
 

Baxış sayı: 5898 | Tarix: 15.01.2024
Bizi Telegramda izləyin: @repostaz