“SOCAR Türkiyə” İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib.
 
Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.
 
“Son vaxtlar regionda baş verən geosiyasi dəyişikliklər fonunda “SOCAR Türkiyə” və qrup şirkətləri bir müddətdir bəzi təxribatçılar tərəfindən həm sosial şəbəkələr üzərindən, həm də fiziki hərəkətlərlə hücuma məruz qalıb. Bu təxribatçı qruplar guya İsrailə xam neft satdığımıza dair əsassız ittihamlar irəli sürərək sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edir, eyni zamanda, şirkət binasına əməkdaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyaraq hücumlar edirlər. İstanbuldakı Baş ofisimizə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı "Bursagaz" ofis binamıza isə 24 may tarixində həyata keçirilən və şiddət səviyyəsi artan təxribatçı hərəkətlərin davam etdirilməsi şirkətimizin işçilərinin həyat təhlükəsizliyi üçün təhlükə yaradır.
 
Ana şirkətimiz olan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın irəli sürdüyü vizyona uyğun olaraq, biz bütün fəaliyyətimizi beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Bu kontekstdə SOCAR-ın hazırda İsrailə xam neft satması ilə bağlı iddialar əsassızdır və məqsədyönlü şəkildə ictimaiyyəti çaşdırmaqdır. Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən satılır”, - açıqlamada deyilir.
 
Qeyd edilib ki, SOCAR-ın təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərinə və ya ondan hansı məqsədlər üçün istifadə etdiklərinə nəzarət etmək və ya müdaxilə etmək imkanı yoxdur: “Bu çərçivədə SOCAR digər neft şirkətləri kimi, tədarük etdiyi məhsulların ticarətini müvafiq şirkətlərlə ticarət əlaqələri çərçivəsində həyata keçirir.
 
“SOCAR Türkiyə” olaraq sərmayələrimiz və əməkdaşlığımız Türkiyə ilə Azərbaycan arasındakı möhkəm qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqları əsasında formalaşır”.
 
Açıqlamada da o da bildirilib ki, şirkət Türkiyədə mövcud sərmayələri yeni sərmayələr hesabına genişləndirmək üçün səylərini davam etdirir: “Biz xüsusilə fəaliyyət göstərdiyimiz regionlarda mövcud enerji qıtlığının aradan qaldırılmasına, yaratdığımız iqtisadi dəyərə və məşğulluğa, eləcə də həyata keçirdiyimiz bir çox korporativ sosial məsuliyyət layihələrinə töhfə verməklə cəmiyyətə fayda vermək üçün var gücümüzlə çalışırıq.
 
Yaşadığımız zəlzələ fəlakəti zamanı istər pulsuz yanacaq dəstəyi, istərsə də bölgəyə zəruri ləvazimatların çatdırılması baxımından ilk gündən qardaş türk xalqının yanında olduq və bunu davam etdiririk. Türkiyənin müxtəlif vilayətlərində açdığımız 11 məktəbdə on mindən çox şagirdə təhsil dəstəyi veririk. Sosial məsuliyyətimizi dərk edərək, təhsil, ətraf mühit və sosial sahədə fəaliyyətimizi davam etdiririk.
 
Bir qrup təxribatçı tərəfindən irəli sürülən əsassız ittihamları qətiyyən qəbul etməməklə bərabər, ictimai rəyi manipulyasiya etmək və yüz illik qardaşlıq əlaqələrimizə xələl gətirmək məqsədi daşıyan bu əsassız bəyanatlara və hərəkətlərə məhəl qoyulmamasını xahiş edirik. Türk və Azərbaycan xalqlarının ortaq maraqları və rifahı üçün bundan sonra da çalışacağıq. Şirkətimizin devizində də dediyimiz kimi, biz həmişə birlikdə güclüyük”.
 
Açıqlamada o da xatırladılıb ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 16 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb.

Baxış sayı: 6924 | Tarix: 03.06.2024
Bizi Telegramda izləyin: @repostaz