Dekabrın 17-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən RePost.Az-a verilən xəbərə görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyə arasında mövcud uğurlu hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən Baş Qərargah rəisi bu müttəfiqliyin hər iki ölkənin ordu quruculuğuna verdiyi töhfələrdən danışıb və daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant T.Altuğ ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu göstərən birgə təlimlərin əhəmiyyətinə diqqət çəkib.
Görüşdə, həmçinin regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra qardaş ölkənin nümayəndə heyəti müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində görülən işlərin müsbət nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti sonda Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.