Bakıdan Qroznıya uçan təyyarənin hansı səbəbdən qəzaya uğraması hələlik rəsmi olaraq açıqlanmasa da, müxtəlif versiyalar səsləndirilir.

- Təyyarənin quşla toqquşması; (ictimaiyyət bunu qəbul etmək istəməsə də, bu barədə kifayət qədər faktlar var və sonda qeyd edəcəm)

- Təyyarənin vurulması (cəmiyyəti buna daha çox inandırmaq istəyirlər. Çünki maraqlı qüvvələr var)
 
Doğrusu təyyarənin quyruq hissəsindəki qəlpə izlərinin olması hava gəmisinin vurulma ehtimalını yüksəldir. Təyyarənin qəzaya uğramasından əvvəl, Rusiya mediasında Qroznının Ukrayna tərəfindən PUA hücumuna məruz qalması və Çeçenistan paytaxtının səmasında 50-dən çox dron vurulması ilə bağlı məlumatlar yayılmışdı. Maraqlıdır ki, bu xəbəri açıqlayan və təsdiq edən Çeçenistan rəhbərliyi hava məkanın təhlükəli olması barədə məlumat yaymayıb. Niyə?

Bu sualın cavabı çox maraqlıdır. Ola bilsin Rusiya rəhbərliyi rəsmi Kievi mülki təyyarələri vurmaqda ittiham etmək üçün Çeçenistanın hava məkanının təhlükəli olması barədə məqsədli şəkildə açıqlama yaymayıb. 

Hərbçi deyiləm, aviasiya üzrə mütəxəssis heç deyiləm, amma bildiyim bir şey var ki, təyyarə dronla toqquşsaydı, və ya PUA-nı zərəsizləşdirmək üçün istifadə olunan raketlə vurulsaydı göydə partlamalı idi. Deməli təyyarənin vurulma ehtimalı o qədər də inandırıcı görünmür. 
Bəs hava gəmisinin quyruq hissəsindəki qəlpə izləri, hələ havada olarkən qanadındakı zədə nəyin əlaməti ola bilər? Nəzərə almaq lazımdır ki, sağ qalan sərnişinlər təyyarənin bir neçə dəfə Qroznı hava limanına enməyə cəhd edərkən, sol tərəfdə partlayış səsi eşidildiyini və dərhal oksigen ağızlıqlarının düşdüyünü deyir. Sərnişinlərin açıqlamasından belə bir versiya irəli sürmək olar ki, Qroznı səmasında AZAL-a məxsus təyyarənin bir neçə metrliyində Ukrayna PUA-sı zərərsizləşdirilib. Təyarənin gövdəsindəki qəlpə izləri də həmin partlayışdan yarana bilər. Bu ehtimal təyyarənin vurulmasından daha yüksəkdir. 

İkinci bir ehtimal və ilkin açıqlanan xəbər isə ondan ibarət idi ki, təyyarə havada quşla toqquşub. Xatırladaq ki, dünən gecə Rusiya mətbuatı AZAL-a məxsus hava gəmisinin kapitanı ilə dispetçer məntəqəsinin danışığının stneqramını yayıb. Danışıqdan məlum olur ki, pilotlar təyyarəyə quş çırpılması nəticəsində hava gəmisinin kabin hissəsinin zədələndiyini və təzyiqin düşdüyünü bildiriblər. Daha sonra təyyarədə hidrotexniki, o cümlədən, GPS sistemində problem yarandığı barədə məlumat verilir və dispetçer məntəqsindən onları yönləndirmələrini istəyirlər. Çünki həmin danışıqdan o da məlum olur ki, Qroznıda hava çox dumanlıdır və görünmə məsafəsi təyyarənin enməsi üçün əlverişli deyil. Dispetçer məntəqəsi əvvəlcə təyyarəni Min Voda, sonra Mahaçqalaya yönləndirməyə çalışır və sonra əlaqə kəsilir. 

İstənilən halda Azərbaycan tərəfi təyyarənin qəzaya uğramasının əsl səbəbinin üzə çıxmasında maraqlı tərəfdir və əminəm ki, ictimaiyyətə də bu barədə doğru xəbər açıqlanacaq. Çünki cənab Prezidentin tapşırığı da bu istiqamətdə olub. 

O ki qaldı təyyarə qəzasını quru sərhədlərinin bağlılığı ilə əlaqələndirən, hava gəmisinin quşla toqquşması barədə ilkin rəsmi açıqlamanı şübhə altına alan Azərbaycandakı şər-şəbədə tayfasının nəzərinə çatdırım ki, Dünyanın bir çox ölkəsində minlərlə təyyarə qəzası baş verib və həmin ölkələrin sərhədləri bağlı olmayıb. Hətta o qəzaların əksəriyyəti təyyarənin quşla toqquşmasından qaynaqlanır.

Hətta 10 min metr yükəklikdə belə təyyarə quşa rast gələ bilər. 10 min metr yüksəklikdə quş nə gəzir ?! 11 min metr yüksəklikdə belə uçan quşlar var. Məsələn 1973-cü ilin noyabrın 29-da Kot-d’İvuarda 11277 m hündürlükdə bir təyyarə ilə Afrika kərkəsi toqquşub. Rusiyada Qırmızı Kitaba düşmüş Dağ Qazları da 10 min metr yüksəkliyə qədər qalxa bilir. Azərbaycanda və Rusiyada yaşayan Toğlugötürənlər, Qartallar, Harayçı Qu quşları, Yaşılbaş ördəklər 7-8 min metr yüksəkliyə qalxa bilirlər. 

Bunlar sadəcə xəbərlər və ehtimallar idi. Ümid edək ki, yaxın bir neçə gündə təyyarənin qəzaya uğramasının əsl səbəbi açıqlanacaq. 
 
Qəzada həlak olanlara Tanrıdan rəhmət, yaralananlara isə şəfa diləyirik. 

Pilot və bələdçilərimiz isə QƏHRƏMANDIR! Onlar daha çox can qurtarmaq üçün özlərini fəda etdilər!

 

Baxış sayı: 4929 | Tarix: 26.12.2024
Bizi Telegramda izləyin: @repostaz