Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Repost.Az xəbər portalının qurucu- baş redaktoru Zülfüqar Xeyirxəbəri 50 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda yubilyarın ictimai və yaradıcı fəaliyyətinin əsas məqamlarına vurğu edilib:
“Hörmətli Zülfüqar müəllim,
Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edirəm!
Siz jurnalistikanın çətin və şərəfli yolunda göstərdiyiniz uzunmüddətli, səmərəli fəaliyyətiniz, özəlliklə də ictimai vicdanın, peşə prinsiplərinin və vətəndaş məsuliyyətinin qorunması yönündəki çalışmalarınızla seçilirsiniz.
Həm yazılı, həm də vizual mediada, habelə ictimai fəaliyyətdə keçdiyiniz çoxşaxəli yol, müxtəlif layihələrə rəhbərliyiniz, o cümlədən media və vətəndaş cəmiyyəti quruculuğu sahəsində təşəbbüskarlığınız təqdirəlayiqdir. Peşəkarlığınız və milli mövqeyiniz sayəsində həmkarlarınız, gənc jurnalistlər və oxucular, tamaşaçılar arasında hörmət qazanmısınız.
Çağdaş jurnalistikanın dəyərlərinə sadiqliyinizi və dövlətçilik prinsiplərinə bağlılığınızı bu əlamətdar gününüzdə bir daha vurğulamaq istərdim.
Sizə möhkəm cansağlığı, iş avandlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!