İsrailin Bakıda fəaliyyətini başa vuran səfiri Corc Dik mətbuat konfransında bildirib ki, İsraildən Azərbaycana turizm axını artacaq.
 
“2025-ci ildə Azərbaycana gələn israilli turistlərin sayında 50 minlik rekordu qıracağımıza, hətta bu rəqəmi ikiqat artıracağımıza ümid edirik. Hazırda AZAL hər gün iki birbaşa reys həyata keçirir – həftədə 14 reys. Bu, misilsiz göstəricidir.
 
SOCAR İsraildə strateji investisiyalar həyata keçirib — ölkəmizin ən iri qaz yataqlarından birində 10% pay alıb və sahilimizdə yerləşən I Zonada qaz kəşfiyyatı üzrə tenderin qalibi olub.
İsrailin Milli Su Şirkəti Azərbaycan Su Təsərrüfatı qurumu ilə sıx əməkdaşlıq edir.
 
Texnion (İsrail Texnologiya İnstitutu) Bakıda kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması üçün mərkəz açıb.
 
İsrail şirkəti Azərbaycan üçün peyklər inşa edir.
 
Başqa bir şirkət Yevlaxda regionun ən böyük cücərdici fabrikini qurub.
 
Cənubi Qafqazın ən iri südçülük təsərrüfatı Şamaxı yaxınlığında israilli mütəxəssislərin iştirakı ilə yaradılır.
 
Ələtdəki azad iqtisadi zonada İsrailin əczaçılıq şirkəti müasir zavod açıb.
 
Və bu, yalnız hekayənin bir hissəsidir.
 
Əlaqələrimiz təkcə iqtisadi əsaslara deyil — dərin humanitar dəyərlərə söykənir.
 
İkinci Qarabağ müharibəsindən sonra israilli oftalmoloqlar yaralı azərbaycanlı əsgərləri müalicə ediblər. Onlardan biri – görmə qabiliyyətini itirmiş Arif – israilli qadının donor buynuz qişası sayəsində yenidən görməyə başlayıb.
Heydər Əliyev Fondunun dəvəti ilə beş uşaq həkimləri heyəti Azərbaycana gələrək onlarla uşağı pulsuz müalicə edib.
 
Yalnız dünən həyat yoldaşım Anna ilə birlikdə “Təmiz dünya” qadın və uşaq sığınacağında yenilənmiş oyun otağını açdıq – onu kitablar, oyuncaqlar və sevinc hissi ilə doldurduq.
Bu da bizim “təşəkkür edirik” demək üsulumuzdur”, – deyə səfir bildirib.
 
Səfir həmçinin qeyd edib ki, Azərbaycan İsrail və region ölkələri arasında anlaşılmazlıqların aradan qaldırılmasında rol oynayır.
 
"İsrailin Azərbaycanla əldə etdikləri qarşılıqlı etimadın bir çox dünya ölkələri ilə münasibətlərində mövcud deyil. Məhz bu etimad Azərbaycana imkan verir ki, İsrail və başqa ölkələr arasında vasitəçilik etsin. Sirr deyil ki, Azərbaycanda İsrail və Türkiyə rəsmilərinin görüşü keçirilib. Azərbaycan İsrail və Türkiyənin anlaşılmazlıqlarını həll etməsi üçün əsas rol oynadı. Suriya ilə Bakıda keçirilən görüşlər haqqında da xəbərlər var. Məncə, bu danışıqların uğurlu alınması üçün əsas şərt onların barəsində kənarda danışılmamasıdır. Məncə, biz Azərbaycana bu vasitəçiliyə davam etməsi üçün güvənə bilərik”, – deyə Corc Dik bildirib.
 
İranla 12 günlük müharibəyə toxunan diplomat qeyd edib ki, İranın regiondakı proksilərini, ballistik raketlərini və nüvə imkanlarını sıradan çıxardıq.
 
Səfirin sözlərinə görə, İranın ballistik raketlərinin 60 faizi məhv edilib.
 
O qeyd edib ki, İsrail Livanda Hizbullaha və Qəzzada HAMAS-a güclü zərbələr endirib.

Baxış sayı: 825 | Tarix: 25.07.2025
Bizi Telegramda izləyin: @repostaz