20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.
 
AZAL-dan “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.
 
Bildiririk ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan (“A-check”) tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib.
 
Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.
 
Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub.

13:56

J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən AZAL-a məxsus hava gəmisi paytaxta çatıb.
 
Bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib.
 
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
***
 
06.12
 
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.
 
Bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib.
 
Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.
 
Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
 
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
 
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.
 
Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
 
AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.
 
 
 
***
05:57
 
 
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Sankt-Peterburqdan Bakıya uçuş zamanı texniki səbəblərdən geri dönərək Pulkovo hava limanına eniş edib.
 
Bu barədə Pulkovo hava limanının mətbuat xidmətindən TASS-a məlumat verilib.
 
Məlumata görə, təyyarə saat 03:40-da təhlükəsiz şəkildə eniş edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənarına çıxıb, lakin sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.
 
Enişin səbəbi şassinin sıradan çıxması olub və buna görə Bakı reysi müvəqqəti olaraq Pulkovo hava limanına enməyi tələb edib.
 
Nəticədə hava limanının işində fasilə yaranıb. Qısa fasilədən sonra hava limanı fəaliyyətini tam şəkildə bərpa edib.

Baxış sayı: 483 | Tarix: 20.10.2025
Bizi Telegramda izləyin: @repostaz