Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.
Bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları davam etdirilir.
Gela Geladze qeyd edib ki, dörd hərbçinin nəşi təyyarənin pilot kabinəsində tapılıb.
Nazir türkiyəli həmkarı ilə daimi əlaqədə olduğunu deyib.
"Biz beynəlxalq istintaq qrupu yaratmışıq. Qrupa türkiyəli həmkarlarımız da daxildir. Təyyarə hərbi təyinatlı olduğundan ətraflı məlumatları Türkiyə tərəfi ilə razılaşdırılma ilə mərhələli şəkildə təqdim edəcəyik", - Geladze əlavə edib.
Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.