Bakının Binəqədi rayonunda yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında ölüm hadisəsi baş verib. Hadisə noyabrın 19-u saat 12 radələrində qeydə alınıb.
Birliyin sədri Mehriban Zeynalova hadisə ilə bağlı RePost.Az-a bildirib ki, orada yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Onun sözlərinə görə, yeniyetmə qız atasının ondan imtina etməsi xəbərini eşitdikdən sonra intihara cəhd görüntüsü yaratmağa çalışıb.
Sığınacaq işçiləri onu bu fikrindən danışdırmağa və xilas etməyə çalışıblar. Lakin N.Cəfərova ayağı sürüşərək yıxılıb: "Mən hazırda xaricdəyəm. Sığınacaq işçiləri ilə danışa bilərsiniz, onlar daha dəqiq bilir. Nurcan intihar görüntüsü yaratmağa çalışıb ki, qohumlarına xəbər verək və onu himayəyə götürsünlər. Ehtimal ki, bu zaman isə bədbəxt hadisə baş verib".
M. Zeynalova hadisənin onu dərindən sarsıtdığını bildirib: "Çox yaxşı bir qız idi. Mənim nə işimdə, nə ona qarşı münasibətdə bir problem olmayıb. Vəziyyətim çox ağırdır. O uşağa heyfim gəlir".
Qeyd edək ki, ötən xəstəxanaya yerləşdirilmiş N.Cəfərova bir neçə saat sonra vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.