Feldmarşal Asim Münirin təkcə adı yox, siması da azərbaycanlılara yaxşı tanışdır. Mayın 28-də Respublika Günü münasibətilə Laçında keçirilən bayram konserti zamanı Pakistanın baş naziri Şahbaz Şərif onu xüsusi təntənə ilə təqdim etmişdi: “Bizim baş qərargah rəisi,- o, bu gün burada ön sırada əyləşib.- Xahiş edirəm, feldmarşal ayağa qalxasınız, hər kəs sizi görsün...”
O zaman AzVision.az Asim Münir ilə bağlı dərc etdiyi yazıda feldmarşalın Pakistanda nə qədər önəmli şəxs olduğunu diqqətə çatdırmışdı. Aradan keçən yarım ildə cənab Münirin karyerası başgicəlləndirici sürətlə inkişaf edib. O əvvəlcə regional, sonra isə dünya miqyaslı fiqura çevrilib. İndi isə Ağ Ev çox ciddi bir məsələni də ona həvalə edir.
Hələ iyun ayında, Laçındakı təqdimatdan az sonra Ağ Evdə keçirilən görüş zamanı Donald Trampın Asim Müniri “mənim sevimli feldmarşalım” adlandırması böyük səs-küyə səbəb olmuşdu.
Oktyabr ayında Tramp Tayland ilə Kamboca arasında sülh müqaviləsinin imzalanmasına iştirak etmək üçün Kuala-Lumpura (Malayziya) getmişdi. Orada baş tutan görüş zamanı ABŞ prezidenti Şahbaz Şərif ilə Asim Müniri “böyük insanlar” adlandıraraq, tezliklə Pakistan-Əfqanıstan münaqişəsinin həllini tapacağına ümidvar olduğunu bildirdi.
Fransa kəşfiyyatının ruporu kimi tanınan “Intelligence Online” yazır ki, son vaxtlarda Trampın xüsusi təmsilçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşner müxtəlif məsələlərlə bağlı yardım və məsləhət üçün dəfələrlə Asim Münirə üz tutublar. İndi isə Ağ Ev feldmarşaldan İranın nüvə proqramı ilə bağlı məsələnin həllində yardım göstərməsini xahiş edir. O, faktik olaraq İranla ABŞ arasında gedən yarıgizli “paralel diplomatiya” prosesində müşavir rolunu yerinə yetirir.
“Intelligence Online”ın fikrincə, regional proseslərdə və beynəlxalq diplomatiyada nüfuzunun artması, Tramp ilə münasibətləri, Çindəki etibarlı dostları, üstəlik, İran ilə sərhəddə sabitliyə nail olması Müniri təkcə Cənubi Asiyada deyil, həm də Yaxın Şərqdə çox güclü fiqura çevirir.
Ona ölkəsinin parlamentində də böyük rəğbət var: qanunverici orqan feldmarşala ömürlük toxunulmazlıq hüququ verilib. Bütün bunlar Münirin gələcəkdə hərbi mundiri siyasətçi kostyumuna dəyişəcəyi haqda proqnozların son vaxtlar daha tez-tez səslənməsinə səbəb olur.
Azərbaycanla qardaş və strateji müttəfiq olan ölkəni təmsil edən hərbi fiqurun karyerasının bu cür yüksəlişi, əlbəttə, bizim ölkənin də maraqlarına uyğundur. Cənab Münirin özünün də şəxsən Azərbaycana rəğbəti var və bunu dəfələrlə açıq ifadə edib. Xüsusilə də ABŞ-nin İran siyasətinin formalaşmasına təsir imkanlarında belə bir şəxsin vacib missiya yerinə yetirməsi Azərbaycanı gələcəkdə bir çox potensial gərginliklərdən sığortalaya bilər.
Hərçənd, Münirin karyerasının bu cür inkişafı istər ölkə daxilində, istərsə də beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmır. Xüsusilə Hindistan mediası onun yüksəlişini “yumşaq çevriliş” adlandıraraq, baş nazir Şahbaz Şəriflə arasında gərginlik yaratmaq üçün dəridən-qabıqdan çıxır. Bunların özünü doğrultmadığını əvvəlki yazıda göstərmişdik. Aradan keçən müddətdə Şərif ilə Münirin arasında hansısa qısqanclığın və ya narazılığın yarandığı hiss edilməyib. Azərbaycanın dostları öz aralarında da dostdurlar.
Vüsal Məmmədov
AzVision.az