Bu gün sosial şəbəkələrdə təmirdən sonra istifadəyə verilən “ Xətai” metrostansiyasında  Şah İsmayıl Xətainin heykəlinin  və ornamentlər olmadığı barədə xəbərlər yayılıb. 

“Qafqzinfo” xəbər verir ki, metro istifadəçiləri tarixi əks etdirən abidənin və heykəlin olmamasını etirazla qarşılayıblar.  “Qafqazinfo” sözügedən məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb. N. Paşayev məsələyə elə sosial şəbəkə vasitəsi ilə aydınlıq gətirib. O qeyd edib ki, təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub: “Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.

Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu komissiya “Xətai” stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyildir. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə təqdim olunub. Hazırda “Bakı Metropoliteni” QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır”.

N. Paşayev həmçinin görülən işlərdən də danışıb. Onun sözlərinə görə,  “Xətai” stansiyasının orta zalında əsaslı təmir, yenidənqurma və sağlamlaşdırma tədbirləri başa çatdırılıb: “Artıq sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər. Qeyd edək ki, məkik hərəkət təşkil olunmuş “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında gediş-gəlişi tam məhdudlaşdırmamaqla «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi burada təmir-yenidənqurma işlərini mərhələli şəkildə həyata keçirir.


Baxış sayı: 2668 | Tarix: 06.05.2017
Bizi Telegramda izləyin: @repostaz