30 yaşlı qadını zorlamaqda, qanunsuz saxlamaqda, seksual xarakterli hərəkətə məcbur etməkdə təqsirli bilinən avtobus sürücüləri Tacəddin Zeynalov və Camal Tağıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
 
RePost.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
 
Təqsirləndirilən şəxslər onlara verilən ittihamlarla razılaşmadıqlarını, özlərini təqsirli bilmədiklərini deyiblər.
 
Ona görə sübutların araşdırılması zərərçəkmiş şəxsin dindirilməsi ilə başlanılıb. Prosesdə zərərçəkmiş 30 yaşlı Dilarə (ad şərtidir) ifadə verib.
 
Məhkəmə prosesi mayın 26-da davam edəcək.
 
Qeyd edək ki, hadisə ötən il dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.
 
Məlumata görə, 30 yaşlı Dilarə (şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyev ilə tanış olub. Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.
 
Bundan sonra sürücülər Dilarəni zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər. Hər iki şəxs saxlanılıb.
 
Tacəddin Zeynalova Cinayət Məcəlləsinin 145.2.4 (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) , 149.2.1 (Zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4( zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 29.150.1(seksual xarakterli hərəkət etməyə cəhd), 151-ci Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4 (zorlama,zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə ittiham verilib.
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 23.05.2017
Bizi Telegramda izləyin: @repostaz