"Gün gələcək, Azərbaycan bayrağı Şuşada da qaldırılacaq".
 
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.
 
Dövlətimizin başçısı Cocuq Mərcanlı kəndində böyük şərait yaradıldığını bildirib: "Sizin qohumlarınız, qonşularınız da qayıdacaq. Bu gün Lələ Təpədə və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək, bizim bayrağımız Şuşada da qaldırılacaq. Bu işğal böyük ədalətsizlikdir, həm də beynəlxalq qanunlar pozulur. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir və bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, buna əməl etsin. Problem bundan ibarətdir".
 
İlham Əliyev əlavə edib: "Ancaq biz ölkəmizi böyük dərəcədə gücləndirmişik və bir daha deyirəm ki, əgər müstəqilliyimizin ilk illərində ulu öndər ölkəmizin başında olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün təhlükəsizlik tədbirləri görüldü və düşmən yerinə oturduldu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə məsələlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk və öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlı kəndi əyani şəkildə bunu sübut edir və təsdiqləyir".

Baxış sayı: 2858 | Tarix: 14.06.2017
Bizi Telegramda izləyin: @repostaz