Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.

RePost.Az Virtualaz.org-a  istinadən xəbər verir ki, iyunun 19-da təqsirləndirilən Akif Çovdarov “8-ci kilometr” bazarı epizodu üzrə ifadə verib. Həmin ifadəni qısa ixtisarlarla diqqətinizə çatdırırıq.

“Adamı döyməyə bir səbəb olmalıdır”

İfadəsində təqsirləndirilən sabiq MTN generalı Akif Çovdarov bildirdi: “2005-ci ilin dekabr ayında rəhbərlik məni çağırdı. Üzü tüklü iki adam dayanmışdı, mənə ərizə verib dedilər ki, bu adamları qəbul elə. Bildirildi ki, bu adamın əmlakını əlindən alıblar, döyüblər, söyüblər, oğurlayıblar. Ərizəni götürdüm, hardasa 7-8 səhifədən ibarət bir ərizə idi. Ərizə ilə tanış oldum, adama dedim ki, get, sabah gələrsən, mən o adamları çağıraram.

Səhər o biri adamlar da gəldi, 3 nəfər idi. Biri dedi ki, bazar yiyəsinin qardaşıyam, amma bazara aidiyyatım yoxdur, polisdə işləyirəm. O biri dedi ki, mühasibəm. Dedilər ki, bazarın yiyəsi Cəfər Səfərovdur. Uşaqlara dedim, buna zəng elədilər. Heç 1 saat keçməmiş Cəfər gəldi.

Əvvəlcə Cəfəri tək qəbul etdim, qoydum ərizəni qabağına ki, bax, səndən şikayət var. Bir az söhbət etdik, dedim səndən şikayət ediblər, filankəsin qardaşını oğurlamısınız, əlavə firma açaraq, dələduzluq yolu ilə bazarı ələ keçirmisiniz. Qayıtdı ki, elə olmayıb, dedim, qardaşların ikisi də burdadır. Elə ki, Çingizlə qardaşı içəri girdi, bunu titrətmə tutdu. Çingiz də özünə əl qatdı ki, bazarımı qaytarsınlar, yoxsa benzini üstümə töküb, özümü yandıracağam.

Bunlar ərizə ilə tanış olandan sonra qardaşlarını buraxdım getdilər. İndi gəlib burda deyirlər ki, nə bilim, gecə saat 11-ə kimi saxlamışam, hamısı yalandır. Saxlayıb nə edəcəkdim ki? Nə bilim, bizi döydülər, başımıza kisə saldılar – belə şeylər olmayıb axı. Adamı döyməyin bir səbəbi olur da – ya müqavimət göstərir, ya da nəsə başqa bir səbəb”.

“Məsələləri sakitliklə yola verin, hay-küy qalxmasın”

A.Çovdarov ifadəsini davam etdirib: “Bunları oturtdum ayrı-ayrı otaqlarda, getdim məruzə etməyə. Olanları söylədim, bildirdim ki, burada müəyyən adamların adı çəkilir. O vaxtlar da Hacı Məmmədovun tutulan vaxtı idi, müxalifət də güclü idi. Kimdən istəsəniz, ərizə yazırdılar. Yadınıza gəlirsə, 2005-ci il çox pis vaxtlar idi. Bundan da bir ay əvvəl Fərhad Əliyev tutulmuşdu.

Çingizdən onu da soruşdum ki, 5-6 ildir bazarı əlindən alıblar, indi niyə gəlmisən? Dedi ki, döymədiyim qapı qalmayıb, heç kim şikayətimə baxmır, məni Fərhadın qardaşı 30-40 nəfərlə gəlib döydü-filan. O gün özü danışdı, eşitdiniz.

Rəhbərliyə məruzə etdim ki, bu işdə adam oğurluğu faktı var, məqamdır, bunu da əlavə edək Hacı Məmmədovun işinə, daha bir epizod olsun. Sonra öyrəndik ki, bu məsələ kimə və hara bağlıdır, harada saxlayıblar və nə ediblər, rəhbərlikdən bildirildi ki, heç bir hərəkət etməyin, gözləyin – biz məruzə edək, sonra. Məruzə etdilər, hardasa 2-3 saatdan sonra bizə göstəriş verildi ki, çalışın, bu məsələləri sakitliklə yola verin, hay-küy qalxmasın. Bunu Cəfərin özü də gözəl bilir.

O vaxt bu qardaşların hamısı adam oğurluğuna görə əlli-ayaqlı gedəcəkdilər. Göstəriş belə oldu ki, bazar qaytrarılsın yiyəsinə. Soruşdum ki, bəs bu adam oğurluğu məsələsini nə edək? Dedilər ki, bir az vaxt keçsin, 6 aydan – 1 ildən sonra həmin məsələyə ayrıca baxarıq”.

“Elşənə dedim, Hilal da qaynatasına dedi”

“Cəfəri çağırıb dedim ki, bazarı qaytarırsan yiyəsinə, sakitcə çıxıb gedirsən. Başladı ki, bazarın yaxınlığında obyekt almışam, bazarı girov qoyub kredit götürmüşəm, xeyli adama borclarım var, bu pulları verməsəm, məni öldürəcəklər. Əvvəl 400 min deyirdi, sonra 300 minə düşdü. Mən də Çingizi çağırdım, Cəfərin dediklərini çatdırdım. Qayıtdı ki, mənə pul veriblər ki, indi pul istəyirlər?

Sonra başladım Çingizi dilə tutmağa. Bildirdi ki, mənə bazar lazım deyil. Qaytarın, sonra salın buldozeri, sökün, amma bu adamlara qismət olmasın. Açıb da deyə bilmirəm ki, filankəsə görə bu işi sakitliklə yola vermək lazımdır. Birtəhər bunu başa salandan sonra dedi ki, mənim pulum yoxdur.

Səhər Çingiz gəlib dedi ki, bir-iki adama zəng etdim, bunların qorxusundan heç kim bazarı almaq istəmir. Həmin vaxt da Cəfərgilin bir şəriki var idi – Zahid adında, o, bir nəfərlə yanımda idi. Dedi ki, bazarı alırlar, bəlkə Çingizə 1 milyon verək, əl çəksin. Başa saldım ki, iş nə yerdədir. Sən demə, bunun heç adam oğurluğundan xəbəri yox imiş. Dedi ki, onda Cəfərdən alacağım var, onu alım, mənə heç nə lazım deyil.

Çingiz də dedi ki, onsuz da alan yoxdur, bazarı sizə halal edirəm. Bir qohumunuz-tanışınız varsa, götürüb işlətsin. Yuxarı məruzə etdim. Deyildi ki, adamı razı salın, halallıq olsun, səs-küy olmasın. Mən də kimə deyəcəkdim? Küçədən keçəndən xahiş etməyəcəkdim ki? Elşənə dedim, Hilal da qaynatasına dedi”, - təqsirləndirilən deyib.

Aylıq 5000 manat maaş

İfadədə daha sonra bildirilib: “Nə isə, bu 300 min düzəldi, getdilər notariusa. Notariusda məlum oldu ki, sənəd bankdadır, 70-80 min kreditə borc qalıb. Bank pul veriləndən sonra sənədləri düzəltmək üçün 3-4 gün vaxt istədi. Cəfər dedi ki, mən gözləyə bilmərəm, borclular məni öldürər. Notariusa gedib, bunun adından etibarnamə alındı və Cəfərin pulu verildi.

Sonra Çingiz dedi ki, mənə bu bazar lazım deyil. 100 min verin, götürün. Sonra 50 min də əlavə etdi ki, maşın da alaram, oldu 150 min. Beləliklə, bazarın qiyməti oldu 450 min dollar. Əlavə də Çingizə aylıq 5000 manat maaş ayrıldı və bunu indiyə kimi alır.

Bazar qara gündə idi, Elşəngil ora pul ayırdılar, düzəltdilər, müasir formaya saldılar, sahəsini genişləndirdilər.

“Eldar Mahmudovu da tutacaqlar, Hilal Əsədovu da”

“Bundan sonra Cəfərgildən başladı dalbadal ərizələr gəlməyə. Cəfəri çağırdım ki, bu nədir, ərizələr gəlir sizdən. Cəfər cavab verdi ki, bu ərizələr mənlik deyil, bir danabaş qardaşım var, o yazdırır atama. MTN-də rəhbərlikdə o vaxt bir adam var idi, çəkmişdi Cəfəri yanına, ərizələri də o yazdırırdı bunlara. Sonra elə bizə qarşı şikayəti yazdıran da o adam olub, adını çəkmirəm.

İki-üç dəfə çağırılandan sonra Cəfər öz əli ilə yazdı ki, mən bazarı satmışam, xahiş edirəm, ailə üzvlərimin yazdığı ərizələrə diqqət verməyəsiniz. Cəfər dedi ki, bir qardaşım və bacımın əri pis dolanır, onlara oradan bir yer verilsin. Göndərdim Elşənin üstünə. Oradan bu adamlara hansısa məbləğdə pul ayrıldı və uzun müddət həmin pulu aldılar.

Biz tutulandan sonra isə MTN-dəki həmin adam bunları bir də çağırıb yanına ki, gedin, şikayət edin. Deyib ki, Eldar Mahmudovu da tutacaqlar, Hilal Əsədovu da, bunlar artıq məhv olublar.

Nə bunları döyən olub. nə bunları söyən olub. Cəfər o gün utanmaz-utanmaz üzümə baxıb deyir ki, Çovdarov qarnıma təpik vurub. Bu boyda adama mən təpik vura bilərəm? Əlimin altında o qədər işçi var idi, deyərdim, o qədər döyərdilər ki. nöyüt iyi verərdin”, - Akif Çovdarov ifadəsini bitirib.

“Kisə ilə kartof satan adamın 100-200 min pulu hardandır?”

Daha sonra təqsirləndirilən dövlət ittihamçısının suallarına cavab verdi. Prokuror bildirdi ki, 2005-ci ildən 2011-ci ilə qədər Cəfər Səfərovla Akif Çovdarov arasında 104 dəfə telefon danışığı olub. Təqsirləndirilən general bu deyiləni qəbul etmədi: “Yəqin zəng edib, götürməmişəm”.

Akif Çovdarov dövlət ittihamçısının sualına cavab olaraq onu da deyib ki, bazarın əvvəlkki sahibi Çingizin sözlərinə görə, Fərhad Əliyev həbs olunana qədər hara gedibsə, şikayətinə baxmayıblar. F.Əliyev tutulandan sonra isə məsələyə baxılıb. “Bir şeyi nəzərinizə çatdırım ki, bazar bunların olmayıb, Rafiq Əliyevin olub. Özünüz fikirləşin, kisə ilə kartof satan adamın 100-200 min pulu hardandır?” – Akif Çovdarov dəqiqləşdirib.

“O vaxt Fərhad Əliyev artıq tutulmuşdu və istintaq gedirdi. Nəyə görə bu barədə istintaqa xəbər vermirdiniz?” – prokurorun bu sualına Akif Çovdarov belə cavab verib: “Bayaq mən qeyd etdim. O vaxt bu işdə müəyyən adamların adı çəkilirdi, ona görə də, bu məsələni şişirtmək olmazdı. Yoxsa mənimçün nə idi ki? Tutub salacaqdım bunları içəri, ordendən-medaldan alacaqdım”.

Prosesə sədrlik edən hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının çərşənbə günü, iyunun 21-də keçiriləcəyini elan etdi.


Baxış sayı: 3124 | Tarix: 20.06.2017
Bizi Telegramda izləyin: @repostaz