Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
 
Xəstəxanadan məlumat təsdiqlənib. Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb. 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda faktla bağlı Ağdaş  Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 
S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq  və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.
 
Həmin Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: "Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, baş vermə tarixinin qeyd edildiyi materiallar Komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda Komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, bu gün iclas keçiriləcək və gerçək səbəblər bilinəcək".
 
"Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub". 
 
Bunu isə azvision.az-a açıqlamasında xəstəxananın baş həkimi Nuriyev Nuri deyib.
 
Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. 
 
"Cərrahiyə əməliyyata başlamazdan öncə metilin iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb və bütün lazimi tədbirlər görülməsinə baxmayaraq, 10 dəqiqə ərzində ürəyi bərpa etmək mümkün olmayıb, xəstə rəhmətə gedib. Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmadı". 
 
Baş həkim bildirib ki, uşağın meyit yarılıb və ekspertiza təyin edilib: "Patoloji anatomik təşrihdən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək".
 
Qeyd edək ki, xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
 
RePost.Az

Baxış sayı: 2763 | Tarix: 11.07.2017
Bizi Telegramda izləyin: @repostaz