Bakının Qaradağ rayonu ərazisində 4 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

RePost.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb.

Mikroavtobusun sürücüsü Elturan Fərəcov bildirib ki, nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub: "Sərnişinlərdən 4-ü ölüb. 3 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnşin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır".

Qəzada ölən və yaralanan şəxslərin hamınını şəxsiyyəti müəyyənləşib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı qoşqulu yük maşınına çırpılması nəticəsində ölən şəxslər bunlardır:

1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu

1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu

Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu

1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu.

Qəzada yaralanan şəxslər isə 1988-ci il təvəllüdlü Qəhrəmanova Aqilə Canhəsən qızı və 40-45 yaşlı Zaur adlı şəxsdir.

RePost.Az


Baxış sayı: 4300