Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən hadisə ilə bağlı növbəti məlumat yayıb.
 
Nazirliyin Mətbuat Xidmətindən RePost.Az-a verilən məlumata görə, dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.
 
Hazırda Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.
 
Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
 
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
 
1. Zülfüqarov Güloğlan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
 
Bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti ötən gün tapılaraq aidiyyatı üzrə təhvil verilib.
 
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Baxış sayı: 2345 | Tarix: 16.12.2016
Bizi Telegramda izləyin: @repostaz