Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən RePost.Az-a verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümündə çimərliklərdə xoş zaman keçirmək üçün hər kəs təhlükəsizlik qaydalarını bilməlidir.
Bildirilir ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Müraciətdə qeyd edilir ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Eyni zamanda, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir.
Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin.