Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını silib. 
 
RePost.Az xezerxeber.az-a istinadən məlumat verir ki, Azərbaycan-San Marino futbol yığmalarının oyunu zamanı komandamızın vurucağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub. Çünki millimiz futbol tarixində ilk dəfə 5 qol vurub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib. Restoranın aksiyasından əksər müştərilər məlumatlı olmadığından gələn hesab onlar üçün sürpriz olub. Bəziləri isə aksiyadan xəbərdar olduqlarından və milli komandamızın qələbəsinə inandıqlarından daha çox sifariş veriblər.
 
Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb. Şaiq Qəribzadə qeyd edir ki, gələcəkdə də komandamıza və klublarımıza dəstək məqsədi ilə yeni aksiyalar təşkil edəcək. Çünki son zamanlar "Qarabağ" klubuunun uğurlu çıxışı bir daha göstərdi ki, komandalarımıza dəstək çoxdur.
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz